Elektrik enerjisinin bahalaşmasına etiraz olaraq bir neçə gündür ki, Yerevanda aksiyalar keçirən ermənilər təkcə qiymətlərlə bağlı deyil, siyasi hakimiyyətə qarşı da şüarlar səsləndirirlər. Siyasi müşahidəçilər hesab edir ki, Ermənistanda sosial narazılıqlar, siyasi aksiyalara və hakimiyyət dəyişikliyinə səbəb ola bilər.
Siyasi ekspert Bəxtiyar Hacıyev hesab edir ki, İrəvanda artıq neçənci gündür ki, minlərlə erməni elektrik enerjisi qiymətlərinin artmasına etiraz olaraq küçələrdə aksiya keçirirlər: "Ancaq görünən odur ki, məsələ artıq elektrik qiymətləri deyil, bu aksiyalar Rusiya əleyhinə çevrilib. Birincisi, ermənilərə işıq paylayan ENA (Electric Network Armenia) Rusiyaya (İqor Seçinə) məxsusdur. İkincisi, artıq Rusiyadan bu etirazları sakitləşdirmək üçün öz texnoloqları, Ukraynadan bu etirazların növbəti Maydana çevrilməsi üçün öz texnoloqları işə başlayıblar. Üçüncüsü, ermənilər onsuz da Gümrüdəki rus hərbiçilərinə bir əsgərin erməni ailəsini güllələməsinə görə acıqlı idilər və Rusiyanın hərbi qüvvələrinin Ermənistandan çıxarılmasını istəyirdilər. Dördüncüsü, Ermənistanda hələ də ölkənin Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamaqdan imtina edib, Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya Birliyinə qoşulmasına etiraz edən böyük bir kütlə var.
Hələ ki, İrəvandakı aksiyaların inqilabla nəticələnəcəyini demək üçün tezdir. Ola da bilər, olmaya da. Serj Sərkisyan gedə də bilər, getməyə də. Hər şey yaxın günlərdə erməni etirazçıların və hökümətin necə davranacağından asılıdır. Ancaq bir şey aydındır ki, artıq sıravi ermənilər Rusiyanın təsiri altından çıxmağa çalışırlar və bu da çox yaxşı haldır".
Ayxan