Bu qurum Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalını niyə gizlədir?
Avropa Şurası Parlament Assambleyasıının (AŞPA ) yay sessiyası zamanı, iyunun 23-də həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.
Qətnamə layihəsi müzakirəyə çıxarılarkən deputatlardan Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qross, Röne Ruke və erməni deputat Arpin Hovannisyan təklif edib ki, “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” cümləsi “Dağlıq Qarabağ münaqişəsi barədə” cümləsi ilə əvəz edilsin. Beləliklə, AŞPA qətnamə layihəsinə düzəliş edərək faktiki olaraq Azərbaycana qarşı sənəd qəbul edib. Halbuki, bu qurumun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına dair qətnaməsi bir neçə il əvvəl qəbul edilib. İndi isə belə bir düzəlişin edilməsi bu qurumun öz sənədlərinə və prinsiplərinə, eləcə də, beynəlxalq hüquqda təsbit olunan dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir.
AŞPA-nın bu addımı həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovların işi” ilə bağlı məhkəmə hökmünün ruhuna ziddir və bu qərarın faktiki inkar edilməsi mənasını daşıyır.
Azərbaycan AŞPA-dan çıxa bilər
Məsələyə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb: “Avropa İttifaqının bəzi strukturları ilə birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. ”Biz necə istəyirik, o da olmalıdır" prinsipi əsasdır".
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”, - deyə N.Məmmədov bildirib.
“Bu qətnamənin hazırlanmasında ermənilərin iştirakı dəqiqdir”
Azərbaycanın AŞPA -dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, bu düzəlişin edilməsi AŞPA-nın məsələyə yanaşmasında qərəzliliyi göstərən əsas amildir. Onun sözlərinə görə, AŞPA Ermənistana işğalçı deyə bilmir, Azərbaycandan isə insan haqları ilə bağlı qayda yaratmağı tələb edir: “AŞPA belə olduqda nə dərəcədə səmimidir? Qəbul edilən qətnamə birbaşa onu göstərir. Ona görə də Avropa Şurasının qərarlarının hamısı mənasız qərarlar kimi arxivə atılır. Yəni, özünə hörmət eləməyən qurum belə bir vəziyyətə qalır. Yəni, sən əgər doğrudan da, demokratiya, insan haqlarını istəyirsənsə, ilk növbədə Qarabağ məsələsində obyektivlik göstərmək lazımdır. Bu olmayanda məsələ aydınlaşır, əsl niyyətin nə olduğu üzə çıxır. Əsl niyyət Azərbaycanı müəyyən bəhanələrlə sıradan çıxarmaqdır”.
AŞPA-nın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tutduğu obyektiv mövqenin dəyişməsinin səbəblərinə gəldikdə, F.Mustafa deyib ki, həmin sənədlərin hazırlanmasında ermənilərin iştirakı dəqiqdir: “Çünki AŞPA-nın sədri Ann Brassör bütün proseslərdə ermənilərlə məsləhətləşərək addım atır. O, xüsusilə AŞPA -dakı Liberal Qrupun rəhbəri olanda da ermənilərə simpatiyası ilə tanınan bir qrup rəhbəri idi. Ona görə də bu məsələdə onun rolu böyükdür. Amma Azərbaycan həmişə onların bəhanəsinə, yaxud da təzyiqinə baxmayaraq özü-öz daxilində demokratik mühit yaratmaq üçün müvafiq addımlar atır”.
Millət vəkili qeyd edib ki, bunu Azərbaycana qarşı aparılan, son günlər miqyası genişlənən qarayaxma kampaniyasının bir hissəsi hesab etmək lazımdır: “AŞPA-nın bu qətnaməsi Almaniya Bundestaqının qərarının köçürülməsidir. Bunlar sanki ikisi də eyni qərardır. Digər tərəfdən çox maraqlıdır ki, bu qətnaməyə səs verənlərin hamısı - 171 parlamentarinin hamısı AŞPA-nın bu ilin aprel ayında keçirilən yaz sessiyasında qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsinə imza atmışdı”.
F.Mustafa Avropa Şurasının artıq ciddi bir qurum olmadığını bildirib: “Məsələn, erməni məsələsində Azərbaycanın obyektiv mövqeyini ifadə et, bundan sonra Azərbaycana hər cür irad bildir, biz də qəbul edək. Maraqlıdır ki, Avropa Parlamentində qondarma erməni ”soyqırımı" ilə bağlı Türkiyə əleyhinə qətnamə qəbul edənlərin də hamısı eyni zamanda Azərbaycanda insan haqlarının dəstəkçiləridir. Yəni, eyni xətdir. Eyni mənbədən idarə olunan sistemdir. Ona görə də bunun qarşısında əzilmək lazım deyil".
Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovların işi” üzrə çıxardığı qərarla Ermənistanı işğalçı kimi tanıdığını deyən deputat AŞPA-nın qətnaməsində bu barədə heç bir sitat gətirilmədiyini vurğulayıb: “Ona görə də ümid edirəm ki, AŞPA-nın qətnaməsi tamamilə başqa yerdə hazırlanmış, sonradan Avropa Şurasına gətirilmiş, eyni mərkəzdən idarə olunan Türkiyə və Azərbaycana təzyiq kampaniyasının elementidir”.
Bütün resurslarını səfərbər ediblər
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Elxan Süleymanov isə müzakirələrin çox gərgin keçdiyini bildirib. O qeyd edib ki, gözlənildiyi kimi, əsas müzakirələr məruzənin qətnamə layihəsinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ilə bağlı bəndi ətrafında baş verdi: “Bu problemlə bağlı ”mövqelər müharibəsi" kimi qiymətləndirilə biləcək müzakirələr AŞPA -da təmsil olunan anti-Azərbaycan qüvvələrinin və siyasi qurum kimi AŞPA-nın iç üzünü açmış oldu".
E.Süleymanov bildirib ki, assambleya məruzənin 1-ci maddəsində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsini həmişə istifadə etdikləri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə dəyişib: “Bütün Avropa və güc mərkəzləri bu dəyişikliyi etmək üçün bütün resursları səfərbər etmiş və bütün güclərini Azərbaycanın və həmməruzəçilərin haqlı tələblərinə qarşı qoymuşdular. Bu, gözlənilən idi. Qeyd edim ki, məruzə layihəsi cari ilin may ayında Monitorinq Komitəsinin iclasında təqdim edilərkən mənim kəskin çıxışımdan sonra məruzə layihəsinin 1-ci bəndində Azərbaycan ərazilərinin işğalı faktının ”Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu" ifadəsi kimi əks etdirilməsinə nail olduq. Mən çıxışımda, eyni zamanda, Azərbaycan torpaqlarının 23 ildən artıq müddət ərzində Ermənistanın işğalı altında olmasına baxmayaraq, Avropa Şurasının yalnız “tam məlumatlı” olmasını bəyan etməklə kifayətlənməsinə öz dərin təəssüfümüzü bildirdim. Lakin erməni lobbisi və anti-Azərbaycan qüvvələri Ermənistanın işğalçı kimi tanınmasını qəbul edə bilmirdilər və ona görə də bu məruzə Avropa Şurasının saytında yerləşdirildiyi 21 may tarixindən etibarən bütün erməni lobbisi və anti-Azərbaycan qüvvələr bu məsələ ilə məşğul olmağa, Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlar təşkil etməyə başladılar. Nəticə isə sessiya zamanı açıq-aydın üzə çıxdı, AŞPA üzvlərindən demək olar ki, heç kəs erməni işğalını dilə gətirmədi. Hətta anti-Azərbaycan qüvvələri, xüsusən də prezident Ann Brassör və baş katib Savitski həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskiyə təzyiq etməkdən belə çəkinmədilər. Onu da qeyd edim ki, Monitorinq Komitəsinin 28 may tarixli iclasında məruzənin qətnamə layihəsinin 1-ci bəndində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsinin saxlanılmasına nail olduqdan dərhal sonra aparıcı güc mərkəzləri özlərinin anti-Azərbaycan kampaniyasını daha da aktivləşdirdi. Onlar müxtəlif beynəlxalq hökumətlərarası təşkilatlarda və qeyri-hökumət təşkilatlarındakı satellitlərinə sinxron şəkildə müxtəlif istiqamətlərdə Azərbaycana qarşı kampaniyaları gücləndirmək barədə göstəriş verdilər. Güc mərkəzlərindən gələn göstərişlə anti-Azərbaycan qüvvələri və çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Şərqi və Qərbi Avropa, Qafqaz və Balkanlarda 13 ölkədə 18 insan hüquqları evində 90 insan hüquqları təşkilatını özündə birləşdirən İnsan Hüquqları Evi Şəbəkəsi Azərbaycana qarşı sistemli hücuma keçməyə başladılar. Onlar açıq-aydın demokratik institutların fəaliyyəti ilə bağlı məruzədə işğalla bağlı maddənin olmasının əleyhinə çıxış edirdilər. Onlar çıxışlarında hüququn aliliyinə zidd olaraq, məhkəmənin, suveren ölkənin işinə qarışır, insan hüquqları ilə bağlı bir-birini təkrar edən maddələrin əlavə olunmasını təklif edirdilər. Bu isə onların Azərbaycana təzyiq etmək üçün təşkil olunduqlarını bəlli edirdi. Bu qərəzlilik qətnaməyə eyni mahiyyətli və təkrarlanan qərəzli düzəliş və təkliflərin irəli sürülməsində açıq-aydın görünürdü".
E.Süleymanov daha sonra deyib: “Azərbaycan xalqına bəyan edirəm ki, Avropa Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğal olunduğunu hesab etmir və onların bu barədə mövqeyi dünyanı və Azərbaycan ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. 23 ildir erməni tapdağı altında olan torpaqlarımızı azad etmək üçün Avropaya və beynəlxalq qurumlara etibar etmək və ya onlardan kömək gözləmək sadəlövlükdür. Nəhayət, qeyd etmək istərdim ki, Ermənistan tərəfi uzun müddət idi ki, AŞPA Siyasi Komitəsinin ”Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş rayonlarında gərginliyin artması" üzrə məruzəçisi Robert Volterlə əməkdaşlıqdan imtina edirdi və onun mandatı çərçivəsində Ermənistana səfər etməyə imkan vermirdi. Bununla belə, AŞ rəhbərliyi və Ermənistan hakimiyyətinin işğalı gizlətmək cəhdlərinə baxmayaraq, onlar 23 iyunda cənab Robert Volterin məruzəçi kimi öz mandatı çərçivəsində Ermənistana dəvət edilməsinə məcbur oldular. Sessiya zamanı AŞPA Sosial Komitəsində işğal altında olan Sərsəng su anbarı ilə bağlı məruzəçi Milica Markoviçin Azərbaycana və Ermənistana növbəti səfəri ilə bağlı qərar veriləcəyi də gözlənilir. Hər iki məruzə bu ilin sonunadək təqdim olunacaq. Sonda bir daha vurğulamaq istərdim ki, AŞPA -da müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlərin arxasında ərazilərimizin Ermənistan tərəfindən işğalını gizlətmək və işğal faktının unudulmasına nail olmaq dayanır. Lakin biz belə məkrli qüvvələrə qarşı mübarizəmizi sona qədər qətiyyətlə davam etdirməliyik".
Səxavət HƏMİD