4 İyul 2015 19:41
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: “Hüquq işləyərsə, Qarabağ probleminin həlli çox bəsitdir”

“Hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri müzakirə edilir. Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə məsələ də müzakirə olunacaq”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda ölkəsinin müstəqilliyinin 239-cu ildönümünə həsr edilmiş tədbirdə deyib. Onun sözlərinə görə, görüş baş tutsa, dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yollarını müzakirə etmək imkanı ola bilər. Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan iki ölkə arasında güclü münasibətlərin yaradılması üzərində işləməyə davam edir.

Qeyd edək ki, bundan bir neçə gün öncə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan mətbuatına açıqlamasında Minsk qrupunun çağırışında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Serj Sərkisyanın görüşünün təşkili məsələsinin durduğunu bildirmişdi. O demişdi ki, həmsədrlər tərəflər arasında dialoqu intensivləşdirməyi razılaşdırıblar: “Ümidvaram ki, prezidentlər arasında növbəti görüş bu il olacaq. Mən danışıqların dalana dirənməsi fikri ilə razılaşmıram”.

C.Uorlik daha sonra deyib: “İlham Əliyev və Serj Sərkisyan müharibə istəmirlər. İndiyədək baş tutan bütün danışıqlar prosesində münaqişənin sülh yolu ilə nizama salınması üçün imkan yaransa da, lakin bundan səmərəli istifadə edilməyib. İndi bunun üçün yeni imkan yaranıb və bundan səmərəli istifadə etmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında son görüş ötən il oktyabrın 27-də Parisdə baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Azərbaycan ABŞ-ın fəaliyyətini aktivləşdirəcəyinə ümid edir

“Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətini aktivləşdirəcəyinə ümid edir”.

Bunu isə Azərbaycanın Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Bakıda ABŞ-ın müstəqilliyinin 239-cu ildönümünə həsr edilmiş sözügedən tədbirdə deyib.

İ.İsmayılov Azərbaycan hökuməti adından ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, 1992-ci ildən iki ölkə arasında əlaqələr müxtəlif istiqamətlər, xüsusilə də iqtisaiyyat və təhlükəsizlik sahələrində inkişaf edir: “Azərbaycan Kosova və Əfqanıstandakı əməliyyatlarda ABŞ-a kömək edib və gələcəkdə terrorçuluqla mübarizə sahəsində ABŞ-la əməkdaşlığa hazırdır”.

“Uorlik bu məsələdə qətiyyən səmimi deyil”

Politoloq Natiq Miri bildirib ki, amerikalı həmsədr Ceyms Uorlikin “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya və ABŞ arasında böyük fikir ayrılığı yoxdur” deməsini əsas götürərək deyib ki, Uorlik bu fikri söyləyərkən problemin həlli ilə bağlı düşünməyib. Onun sözlərinə görə, əksinə, bu münaqişənin dondurulması ilə bağlı ABŞ-la Rusiya arasında hər hansı fikir ayrılığının olmadığını nəzərə alır: “Uorlik bu məsələdə heç də səmimi deyil. Çünki problemin həlli üçün ortada beynəlxalq hüquq və hüquqa uyğun olaraq Azərbaycanın 20 faiz torpağının işğal faktı var. Hüquq işləyərsə, bu problemin həlli çox bəsitdir. Demək ki, nə Rusiya, nə də ABŞ bu problemin hüquq cəhətdən həllini istəmirlər. Əks təqdirdə bu problem 20 ildən artıq uzanmazdı”.

Müsahibimiz qeyd edib ki, beynəlxalq hüquqa görə bu aqressiya dərhal dayandırılmalı və bunun nəticəsi, yəni işğal faktı ləğv olunmalı, erməni qoşunları dərhal Azərbaycan ərazisindən çıxarılmalıdır: “Bu olmadı, əksinə, bunu gözardı edərək bu prosesi sülh masası ətrafında siyasi müstəviyə daşıdılar. Prosesin siyasi müstəviyə daşınması isə bir növ Azərbaycanın güzəştləri hesabına Dağlıq Qarabağ problemini həll etməkdən ibarətdir. Məsələnin məğzi budur. Ona görə 20 ildən artıqdır ki, bu problem həll olunmur. Yəni, bir növ Azərbaycanın güzəşti hesabına Dağlıq Qarabağ adı altında müstəqil qurum yaratmaq istəyirlər. Təbii ki, Azərbaycan da buna dirənir və rəsmi Bakı heç bir vəchlə buna razılıq verəsi deyil. Problemin həlli də bu üzdən baş tutmur. Ona görə də mən həmsədrlərin regiona növbəti gəlişi və prezidentlərin görüşünü təmin etmək üçün təşəbbüsdə bulunmalarını da Avropa Oyunlarından sonra Qarabağ cəbhəsində prosesin aktiv fazaya keçməsinin qarşısını almağa yönəlmiş cəhd hesab edirəm”.

Politoloq bildirib ki, hazırda münaqişənin həlli ilə bağlı heç bir anlaşma yoxdur. Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını Ermənistana bağışlayası deyil: “Bunu da Rusiya və digər həmsədr dövlətlər bilirlər. Eyni zamanda, geosiyasi maraqlar və geosiyasi şəkillənmə nöqteyi-nəzərindən vəziyyətdə heç bir dəyişiklik yoxdur. Ermənistan Rusiyanın bir əyaləti olmaqda davam edir. Azərbaycan isə balanslı xarici siyasət xəttinə sadiqdir. Heç bir dəyişiklik yoxdur. Eyni zamanda qlobal səviyyədə Rusiya ilə Qərb arasında hər hansı anlaşma baş verməyib və üfüqdə belə bir uzlaşma görünmür. Ona görə də mən belə bir görüşün təşkil olunmasının nəyi dəyişəcəyini anlamıram”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər