30 İyul 2015 20:35
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda elektrik enerjisinin istehlak qiymətlərinin 40 faiz artırılmasından sonra paytaxt İrəvanda başlayan etirazlar davam edir. İlkin aksiyalar zamanı etirazçılar sosial tələblər irəli sürürdülərsə, artıq son aksiyalarda siyasi tələblər, əsasən, prezident Serj Sərkisyanın istefası gündəmə gəlib.

Hazırda İrəvanda “Ayağa qalx, Ermənistan” hərəkatının rəhbərlərindən biri David Sanasaryan iyulun 29-u axşam saatlarında təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Sanasaryan polisin ona qarşı güc tətbiq etməsindən şikayətlənib, başından zərbə aldığını bildirib. Bundan sonra Sanasaryan yerə uzanıb, onun üçün təcili yardım xidməti çağırılıb.

Qeyd edək ki, “Ayağa qalx, Ermənistan” hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri deyib ki, İrəvanda keçirilən aksiyalar hələ ki sosial tələblərdən o yana keçmir. Onun sözlərinə görə, aksiyalar kütləvi xarakter alsa, siyasi şüarlara, tələblərə daha çox rastlanacaq: “Çünki bu aksiyalar bir qrup gənc tərəfindən keçirilir və Ermənistan müxalifəti etirazlara dəstək vermir. Burada Rusiya faktoru da var. Bütün Ermənistan müxalifəti də Rusiyadan asılıdır. Əgər Rusiya bu ölkədə hər hansı siyasi dəyişiklik istəsə, onda bu aksiyalar bütün ölkənin bürüyəcək. Eləcə də, müxalifət partiyaları buna qoşulacaq. Bu da onu göstərir ki, Rusiya hələ Sərkisyanın ipini kəsməyib. Ona görə də bu aksiyalar öz effektini göstərmir və buradan hər hansı siyasi tələblərin irəli sürülməsi və onun həyata keçirilməsi mümkün deyil”.

N.Miri deyib ki, aksiya təşkilatçılarının döyülməsi, həbs edilməsi də Sərkisyanın xunta rejiminin göstəricisidir. Onun sözlərinə görə, məhz bu səbəbdən ilk gündən onların bir qismi həbs edildi, bir hissəsi isə fiziki təzyiqlərə məruz qaldı: “Əslində, bu, sosial etirazlarla çıxış edən tərəfin zəifliyi ilə bağlıdır. Əgər bu böyük mənada ictimailəşmiş bir hadisə, kütləvilik olsaydı, Sarkisyan hakimiyyəti bu cür risklərə getməzdi. Ona görə də qarşı tərəfin zəif olduğu və kütləvi olmadığı üçün məhz zor tətbiq etməklə bu etirazları söndürmək istəyirlər. Burada döymək, şiddə və həbslər də olacaq. Bu da təbii ki, Sərkisyanın hərbi xunta rejiminin mahiyyətinə uyğun bir davranışdır.

Əgər Sərkisyanın devrilməsi məsələsi gündəmə gəlsə, hətta Rusiyaya bağlı Ter Petrosyanın rəhbərlik etdiyi partiya belə dərhal hərəkətə keçəcək və bu kütləvilik Ermənistanda təmin olunacaq. Bundan başqa nəzərə almaq lazımdır ki, Rusiya Sərkisyanın ipini kəsərsə, burada hərbi faktorlar da iştirak edəcək. Çünki hərbi sistem həm Dağlıq Qarabağda, həm də Ermənistanda bilavasitə Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədir. Ona görə də Sərkisyanı devirmək Rusiya üçün elə də böyük problem deyil”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər