14 Avqust 2015 14:48
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını avqustun 29-da Məclisdə təsdiqləyəcək.

Bu barədə qəzetimizə açıqlamasında partiyanın Məclis sədri Nüşabə Sadıxlı deyib.

Onun sözlərinə görə, hazırda Müsavat 125 seçki dairəsinin hər birindən namizəd irəli sürmək istəyir: “Hələlik 73 dairə üzrə namizədlər təqdim olunub. Hətta elə dairələr var ki, orada Müsavatın 3 namizədi var. Ona görə də bu məsələlər, hansı dairədən kimin namizəd irəli sürülməsi müəyyənləşməlidir.

Namizədlər Məclisdə təsdiq olunmalıdır. Ona görə də avqustun 29-da Məclisin yığıncağını təyin etmişik. Yəqin həmin tarixədək bəlli olan namizədlər təsdiq ediləcək, onlarla bağlı siyasi qərar veriləcək. Həmin iclasdan sonra müəyyən olunacaq namizədlərlə bağlı hüquqi qərar vermək Divana tapşırılacaq. Məsələlərin bu cür həllini nəzərdə tutmuşuq”.

O, başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah hərəkatında sədr müavini olan müsavatçı Vurğun Əyyubun Suraxanı rayonu 30 saylı seçki dairəsindən namizəd olmaq istəyinə də münasibət bildirib: “Bilmirəm, Suraxanıdakı 30 saylı seçki dairəsindən kimsə namizədliyini vermək istəyir, ya yox. Amma Vurğun Əyyubun namizədliyini Məclis təsdiq edəcəksə, Müsavatın namizədi olacaq. Hazırda həmin dairədən başqa bir müsavatçının iddialı olub-olmadığını bilmirəm. Bəlkə də partiyaya bu barədə müraciət ediblər, amma mən bundan xəbərsizəm”.

N.Sadıxlı qurultaydan sonra Müsavatdakı gərginliyin parlament seçkiləri hazırlığına və nəticəsinə təsir edib-etməyəcəyinə də aydınlıq gətirib: “Təbiidir ki, partiyadan zaman-zaman üzvlər gedib, gələnlər də olur, amma bunlar siyasi partiyaya bir o qədər təsir eləmir. Gedənlər olsa belə, bu, Müsavatın parçalanması demək deyil. Az qisim insan partiyadan getdi. Müsavat 125 dairənin hər birindən öz namizədliyini vermək iqtidarındadırsa, bu, o deməkdir ki, partiyanın gücü olduğu kimidir”.

Müsavatın seçkilərə təkbaşına gedəcəyini deyən Məclis sədrinin fikrincə, seçki prosesi başlayanda hər şey bəlli olacaq: “Müsavatda qərarlar kollegial qaydada qəbul olunur. Məsləhət olarsa, hər hansı təşkilat və ya qurumla koalisiyaya qoşula, blok şəklində gedə bilərik. Amma hələlik elə bir qərar yoxdur”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər