14 Avqust 2015 17:03
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tural Abbaslı: “Səviyyəmizdən aşağı olan şəxsin ekspert kimi çıxış etməsini dinləyəcək durumda deyilik”

“Biz “Ağ” Bloku elan edərkən elə format götürmüşük ki, istənilən şəxsin burada təmsil olunması problem yaratmasın. Yəni onların köhnə partiyaları ilə üz-üzə gəlməsi kimi hal baş verməsin”.

Bunu “Ağ” Blokun təsisçisi, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. O, bildirib ki, hazırda Müsavatın indiki rəhbərliyi ilə münasibətləri minimum səviyyədədir: “Mən və ətrafım Arif Hacılının başqanı olduğu partiyanın rəhbər strukturlarında təmsil olunmadı. Seçkili orqanlarda da yoxuq. Bu da ünsiyyətin aşağı olmasına bir səbəbdir. Uzağı partiya tədbirlərində, xeyir və yas mərasimlərində üz-üzə gəlirik. Şəxsi münasibətdə problem yoxdur. Siyasi etirazlarını da görməmişik. Mən əvvəlki illərdən fərqli olaraq indi Müsavat qərargahına az-az gedirəm. Ancaq öz aramızda buna qadağa da qoymamışıq. Tədbir olanda gedirik. Biz partiya üzvüyük. Sadəcə son aylar öz işimiz çoxdur, üstəlik də partiyada böyük tədbirlər olmur. Dünənə qədər rəhbərlikdə təmsil olunurduq deyə hər gün orada idik. İndi rəhbərlikdə təmsil olunmuruq deyə getmirik”.

T.Abbaslı deyib ki, sabiq başqan İsa Qəmbərin sədri olduğu Düşüncə Mərkəzinin tədbirlərinə də qatılmır: “Bu mərkəz qurultaydan əvvəl yaranmışdı. Ora qonaqları İsa Qəmbər şəxsən özü dəvət edirdi. İndiyə qədər İsa Qəmbər bizi ora dəvət etməyib. Baxmayaraq ki, ora dəvət edilənlər içərisində hər mənada xeyli maraqlı adlar var. Biz çağırılan yerə ar eləmirik, çağırılmayan yeri dar eləmirik. Həm də gedib səviyyəmizdən aşağı olan hansısa şəxsin ekspert kimi çıxış etməsini dinləyəcək durumda deyilik”.

“Ağ” Blokun rəhbəri hesab edir ki, artıq köhnə nəsil siyasətçilər tədricən siyasətdən çəkilməlidir: “Siyasətdə nəsil dəyişikliyi baş verməlidir. Bunun zamanı yetişib. 22 il əvvəlki uğura görə, indi xalqdan şans istəmək ciddi görünmür. Odur ki, biz nəsil dəyişikliyini labüd hesab edirik. Bu proses zatən başlayıb”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər