25 Avqust 2015 13:11
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıl Yusifov: “Hərəkatdan uzaqlaşmağım tutarlı addım oldu”

Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İdarə Heyətinin üzvü İsmayıl Yusifov istefa verib. Yusifov mətbuata açıqlamasında istefasının səbəbləri haqqında danışmaqdan imtina edib. Həm də KXCP üzvü olan Yusifov eyni zamanda bu partiyanın son qurultayından narazı qalan şəxslərdən biridir.

Yusifov Teleqraf.com-a istefasının səbəbləri və bundan sonrakı fəaliyyəti haqqında geniş məlumat verib. O deyib ki, ADR Hərəkatından əvvəl KXCP üzvü olub: “Biz KXCP-də fəaliyyətimizi davam etdiririk. Bildiyiniz kimi, KXCP-nin son qurultayı qarşımızda yeni vəzifələr qoyub. KXCP-nin III qurultayında sədr Mirmahmud Mirəlioğlunun vida çıxışı oldu. Mirmahmud bəy bəyan etdi ki, bu, onun partiya sədrliyinə sonuncu iddiasıdır və bundan sonra sədrliyə iddiası yoxdur. Hətta gənclərə xitabən dedi ki, buyurub partiyaya sahiblik etsinlər. Məncə, bu çağırışlar bizə yönəlikdir. KXCP-nin gələcək inkişafı və perspektivi bizimlə bağlıdır. Ona görə də indi bizim fəaliyyətimizin əsas istiqaməti KXCP olacaq”.

İsmayıl Yusifov ADR Hərəkatından istefa verməsinin səbəblərini də açıqlayıb: “İndiyədək bu hərəkatdan istefamın səbəblərini açıqlamamışam. Buna görə də bildirirəm ki, istefamın əsas səbəbi ADR rəhbərliyində təmsil olunan bəzi şəxslərin Müsavatla bağlı Ədliyyə Nazirliyinə müraciət etməsidir. Məhz bu addıma etiraz olaraq istefa vermişəm. Hesab edirəm ki, hansısa müraciətə ehtiyac yoxdur. Çünki ADR-də təmsil olunan və nazirliyə müraciət edən şəxslər həm də keçmiş müsavatçılardır. Bu adamların öz partiyalarına qarşı belə münasibəti bizim haqqımızda cəmiyyətdə yaxşı fikirlər yaratmaz, heç yaratmayacaq da. Odur ki, mən belə bir təpki nümayiş etdirmək qərarına gəldim. Nəzərə almaq lazımdır ki, Müsavat təkcə Arif Hacılının və İsa Qəmbərin partiyası deyil. Məsələyə belə baxmaq doğru deyil. Müsavat hər bir vətəndaşın, o cümlədən də mənim partiyamdır. Bu partiyanı kimsə özəlləşdirə bilməz”.
O qeyd edib ki, bundan sonra ADR-dən kimlərinsə istefa verəcəyini zənn etmir: “Ancaq bununla yanaşı, kimlərinsə bu məsləyə ciddi etirazının olması da mümkündür. Hesab edirəm ki, artıq ADR-Müsavat problemi aradan qalxıb. Bundan sonra ADR-çilərin Müsavat Partiyasına qarşı hansısa addımlarının ola biləcəyini düşünmürəm. Çünki mənim istefam tutarlı addım oldu”.

İsmayıl Yusifov xatırladıb ki, onlar həm də KXCP daxilində yaratdıqları Demokratik Birlik Fraksiyasında təmsil olunur: “Fraksiya daxilində ciddi fikir ayrılığı yoxdur. Fraksiya KXCP-nin qurultayından sonra toplaşaraq müəyyən müzakirələr aparıb. Bildiyiniz kimi, fraksiya üzvlərindən heç kim qurultayda iştirak etməyib. Biz fraksiyanın toplantısında KXCP-nin qurultayı, habelə qarşıdan gələn parlament seçkilərinə münasibət məsələsinə dair müzakirələr aparmışıq. Qurultayımızla bağlı qərarımız açıq oldu. Biz KXCP-nin III qurultayının nəticələrini tanımırıq. Eləcə də, bu məsələnin nizamnamə çərçivəsində həllini parlament seçkilərindən sonrakı tarixə saxlayırıq. Bu, ümumiləşdirilən razılıqdır. Təbii ki, KXCP və onun qurultayına münasibətimiz parlament seçkilərindən sonra ciddi formada olacaq. Müzakirə etdiyimiz ikinci məsələ seçkilərlə bağlı idi. Fraksiyanın 57 seçki dairəsi üzrə konkret namizədi müəyyən edilib. Bu namizədlər KXCP xətti ilə seçkilərə qatılmayacaq. Bu 57 nəfər KXCP üzvü olub seçkilərdə iştiraka iddia edənlərin 70 faizi deməkdir. Təsəvvür edin ki, KXCP-nin təmsil olunduğu ”Azadlıq-2015" seçki bloku 60 namizəd müəyyən edib. Blokda 7-8 partiya təmsil olunur. Ancaq KXCP daxilində yaradılan Demokratik Birlik Fraksiyasının ayrıca 57 namizədi var. Bu şəxslər KXCP-nin üzvü olsalar da, seçkilərə partiya xətti ilə qatılmayacaqlar. Fraksiya avqustun sonunda seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəcək. Əgər fraksiya seçkilərdə iştirak etməməklə bağlı qərar verəcəksə, bu zaman seçkilərə qatılacaq üzvlərimizə hörmətlə yanaşacağıq. Konkret mövqeyim belədir ki, seçkilərdə iştirak etmək lazımdır və mən namizədliyimi 65 saylı dairədən irəli sürəcəyəm".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər