28 Avqust 2015 12:34
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) istefa dalğası davam edir. Hər gün bir neçə gənc istefa verərək narazıların yaratdığı AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə qoşulur.

Daha 5 gənc istefa verdi

Ötən gün daha 5 gənc istefa verərək narazılara qoşulduğunu elan edib. AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsindən verilən məlumata görə, istefa verərək onlara qoşulan gənclər sosial şəbəkələrdə öz fikirlərini və istefalarının səbəblərini ifadə ediblər. Hüseyn Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, bundan sonra fəaliyyətlərini etirazçılarla birlikdə davam etdirəcəklərini bildiriblər. Cəbhəçi gənclər üzərində "Əli Kərimli, biz sizə yox deyirik" və "Gənclərlə irəli gedəcəyik" yazılmış plakatlar tutmaqla, Əli Kərimlinin siyasətinə etirazlarını ifadə ediblər. Gənclər öz bəyanatlarında partiyada fəaliyyət göstərdikləri dövrdə şəxsən sədrin göstərişi ilə təzyiqlərlə üzləşdiklərini bildiriblər.

Bəyanatda bu sözlər yer alır: "Partiyada hökm sürən avtoritarizm gənclərin inkişafını əngəlləyir. Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil. Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etimadsızlıq göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz AXCP-də davam etdirməyə çağırırıq".

Mən cəbhəçi olanda siz harada idiniz?

Bu arada AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvü Eltural Mürsəlzadə açıqlama verərək bunları söyləyib: "Əli Kərimlinin adamları iddia edirlər ki, guya mən cəbhəçi deyiləm. Bütün bunlar ağ yalandır. Mən 2000-ci ildən AXCP üzvüyəm. 2003-cü ildən AXCP-nin Gənclər Komitəsinin sədr müavini olmuşam. 2006-cı ildə Əli Kərimlinin təkidi ilə AXCP-nin Beyləqan şöbəsinin sədr müavini, sonra isə sədri olmuşam. 2012-ci ildə Əli Kərimlinin üzündən partiyadan istefa verməli oldum və bunun da səbəblərini dəfələrlə yazmışam. 2013-cü ildə Müsavata üzv olmaq istədim, lakin üzv kimi qəbul edilmədim. Mənə "cəbhəçi deyilsən" söyləyənlərin nəzərinə çatdırıram ki, AXC və AXCP-nin ilk olaraq yarandığı 4-5 evdən biri bizim evimiz olub. Bizim ailəmiz AXCP üzvü olanda siz harada idiniz? Hazırda vaxtı ilə mənim qurduğum və Əli Kərimlinin dağıtdığı Beyləqan şöbəsini bərpa edirəm".

İanələr hesabına bəy kimi yaşayırlar, ancaq üzvlərinə maliyyə hesabatı vermirlər

AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvü Cavid Musazadə isə hesab edib ki, Əli Kərimliyə bağlı şəxslər çox şeyi izah etsə də, bir şeyi heç cür anlada bilməzlər: "Siz nələri də izah etsəniz, Rüstəm İbrahimbəyov fiaskosunu, oyununu qətiyyən izah edə bilməzsiniz. İllərini vermiş insanları bu oyunbazlıqlarla fırlatmaq ən azından ayıbdır".

Musazadə daha sonra qeyd edib ki, dövləti bir kənara qoyur, öz üzvlərinə maliyyə hesabatı verməyən AXCP rəhbərliyi hansı təmizlikdən, əqidədən danışır: "Yetim-yesir adamların ianəsi hesabına bəy kimi yaşayan və bu ianənin hesabatını verməyən bəy ola bilməz, yalnız siyasi dələduz olar".

Narazılar qurultaya hazırlaşır

Bu arada, AXCP rəhbərliyindən narazı qalan kəsim artıq qurultaya hazırlaşır. İlkin planlara görə, qurultay gələn ayın sonlarında keçiriləcək. Qurultaydan sonra isə müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək və hüququ status uğrunda mübarizəyə başlanılacaq.

Narazılar hesab edirlər ki, Əli Kərimlinin ətrafında maksimum 700-ə yaxın fəal gənc var ki, bunun da 300 nəfəri artıq narazılara qoşulacaq. Parlament seçkilərinə qədər isə bu say bir qədər də artacaq və beləcə seçkilər zamanı Kərimlinin ətrafında indiki gənclərin 20-30 faizi olacaq.


CAVİDAN


Müəllif:

Oxşar xəbərlər