1 Sentyabr 2015 11:48
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev: “İndi daha hazırlıqlı və çevik siyasətçilərə ehtiyac var”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Ali Məclisin sessiyasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın seçkilərə hazırlığı barədə danışıb.

Partiya üzvlərinin seçkilərdə fəal iştirakının önəmini vurğulayan Q.Həsənquliyev BAXCP-nin Azərbaycanda əsaslı Konstitusiya islahatları təşəbbüsü ilə çıxış edən yeganə siyasi partiya olduğunu xatırladıb. Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini deyən BAXCP sədri bildirib ki, bunun üçün ilk növbədə parlamentin funksiyaları artırılmalı, hökumətin formalaşdırılması səlahiyyəti parlament seçiklərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməli, məhkəmə hakimiyyətinin tam müstəqilliyi hüquqi mexanizmlərlə təmin olunmalıdır.

“İndi daha hazırlıqlı və çevik siyasətçilərə ehtiyac var”, - deyən BAXCP sədri bütün partiya üzvlərini seçkilərdə fəal iştiraka, partiyanın ideyalarını təbliğ etməyə çağırıb.

BAXCP sədrinin çıxışından sonra Partiyanın seçkilərdə iştirakı ilə bağlı məsələ səsə qoyulub və qərar qəbul olunub. Ali Məclisin qərarına əsasən, BAXCP parlament seçkilərində siyasi partiya kimi iştirak edəcək. Deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin namizədliyi ayrı-ayrılıqda səsə qoyulub və partiya namizədlərinin siyahısını müəyyənləşdirilib. BAXCP bu siyahını İdarə Heyətinin təsdiqindən sonra açıqlayacağını bildirib.

İclasda həmçinin, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev BAXCP İdarə Heyətinin üzvü seçilib.
Partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Teleqraf.com-a açıqlamasında bildirib ki, yaxın günlərdə İdarə Heyətinin iclası keçiriləcək: “O vaxtadək digər prosedurları həyata keçiririk. Seçki Məcəlləsinin tələblərinə əsasən, partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı təsdiqlənib. Onların sənədləri MSK-ya təqdim olunacaq. Ondan sonra müvafiq sənədlər dairələrə təqdim ediləcək”.

Sədr müavininin sözlərinə görə, Ali Məclisin iclasında BAXCP-nin seçkilərdə iştirakı barədə qərar qəbul olunub və partiyanın deputatlığa namizədlərinin yekun siyahısının təqdimatı İdarə Heyətinə həvalə olunub: “Təşkilati məsələlərin müzakirəsi çərçivəsində partiyanın rayon təşkilatlarının seçkilərdə fəal iştirakı ilə bağlı müvafiq qərarlar qəbul olunub. Partiyanın seçki platformasının əsas istiqamətləri uzun sürən müzakirələrdən sonra təsdiq edilib. Şüarımız IV respublika ilə bağlıdır. Prezident seçkilərində də bu şüardan istifadə etmişdik. Amma parlament seçkilərindəki şüarımız təbliğat kampaniyasına başlandıqdan sonra elan olunacaq”.

E.Mirzəbəyli qeyd edib ki, partiyanın 81 namizədi dəqiqləşib: “Namizədlərimizin sayının çox olma ehtimalı var. Bu, İdarə Heyətində aparılacaq müzakirələrdən asılıdır”.

Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahılarını, eləcə də Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə tərtib edilmiş digər sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunduğunu deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyasının BAXCP-nin səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri barədə qərarından və partiyanın İdarə Heyətinin yaxın günlərdə keçiriləcək toplantısından sonra deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim ediləcək.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər