1 Sentyabr 2015 16:35
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçki Məcəlləsinə görə, vətəndaşların seçkidən yayındırılması inzibati qanun pozuntusu hesab olunur. Ona görə də, heç kəs açıq şəkildə və qərarla seçkini boykot edə bilməz. Sadəcə olaraq partiya seçkiyə getməyi məqsədəuyğun hesab etməyə bilər. Konkret olaraq AXCP-nin seçki siyasəti bəllidir. Məsələn, ölkənin bütün müxalifəti seçkini boykot etdiyi dövrlərdə Əli Kərimlinin rəhbərliyi altında AXCP dəfələrlə seçkiyə gedib və 5-6 mandat əldə edib. Odur ki, AXCP-nin özünəməxsus seçki yolu var. Bütün partiyalar boykot edəndə AXCP seçkilərə gedirdi. İndi hamı seçkiyə gedir, AXCP isə getməməklə bağlı mövqe ifadə edir. Bu, Əli Kərimli və onun rəhbərlik etdiyi qrupun xüsusi davranışıdır. Bəlkə də, hamıdan fərqlənmək üçün”.

Bunu qəzetimizə müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik:

- ADP seçkilərə tək gedəcək. Nədən belə qərar verdiniz?
- ADP-nin seçkilərə təkbaşına getməsi məcburi qərar oldu. Çünki biz Ümid Partiyası ilə “Qarabağ” Bloku çərçivəsində seçkilərə birgə getməyə dair qərar qəbul etmişdik. Sonradan bəlli oldu ki, Ümid “125”lər adlanan bir layihəyə üstünlük verir və onlarla seçkilərə getmək istəyir. Ümid bizimlə seçkilərə getmək marağını ortaya qoymadığına görə, biz də seçkiyə təklikdə getməli olduq. İkincisi, Ümidin bu qərarı bizə gec məlum olduğu üçün, digər siyasi qüvvələrin təklif etdiyi seçki bloklarına qoşula bilmədik.

- Əgər müttəfiqlik bu cür nəticələnəcəkdisə, nədən “Qarabağ” Blokunu yaratmağa qol qoydunuz?
- 2008-ci il referendumuna görə müxalifət Respublika və Demokratiya Uğrunda Hərəkat yaratmışdı. Həmin vaxt biz Ümidin təklənməsinin qarşısını almaq istədik. Çünki referendumdan dərhal sonra Ümid Partiyasının bu birlikdən çıxarılması təklifi gündəliyə gətirildi. Biz də hesab etdik ki, bu şərtlər daxilində Ümidi təkləmək olmaz, bu, siyasi əxlaqa uyğun deyil. Odur ki, Ümidin tərəfini tutduq, Müsavat, AXCP, VİP və Liberal Partiya fərqli mövqe sərgilədi. Biz də Ümidlə blok yaratdıq və bu dörd partiyadan kənarlaşdıq. Aradan xeyli müddət keçdi, gördük ki, Ümid Partiyası nəinki təklənməyib, hətta özünə müttəfiqlər də tapa bilir, ətrafında bloklar yaradır. Ona görə də, hesab etdik ki, “Qarabağ” Bloku çərçivəsində qarşımıza qoyulan məqsədlər həyata keçirilib. Əgər yeni bir qurum yaradılmayacaqsa, “Qarabağ” Blokunun taleyini Ümidin ortaya qoyduğu mövqe ilə bitmiş hesab etmək olar. Yəni artıq bizə də sübut olundu ki, ADP ilə Ümidin koalisiyon müttəfiqliyinə heç bir ehtiyac qalmayıb. Odur ki, yeni müttəfiqlər tapmaq, yeni güclərlə danışıqlar aparmaq olar.

- Yəni, artıq Ümidlə müttəfiqlik mövcud deyil...
- Seçki başa çatana qədər siyasi blok kimi fəaliyyət göstərməməyə dair razılığa gəlmişik. Sadəcə olaraq proseslər göstərir ki, indiyə qədər mövcud olan “Qarabağ” Blokunun saxlanılmasına heç bir ehtiyac yoxdur.

- Seçkilərlə bağlı nə düşünürsünüz, qəti mövqe varmı?
- Nəzərdə tutmuşuq ki, bu həftənin şənbə günü partiyanın Məclisini çağıraq, seçkiləri müzakirə edək, partiya siyahısı ilə seçkilərə getmək haqda qərar verək, namizədlərimizi dairələr üzrə dəqiqləşdirək. Artıq partiyanın seçki qərargahı yaradılıb, lazım olan sənədlərin hazırlanması prosesinə start vermişik. Məclisdən sonra da imzatoplama kampaniyasına başlamağı düşünürük.

- Neçə namizədiniz olacaq?
- Təxminən 30-40 namizədlə seçkilərdə iştirak edə bilərik. Yəni namizəd olmaq istəyən üzvlərimizin sayı bu qədərdir. Bəzi dairələrdə müxalifət liderləri və ictimai xadimlər namizəd olacaqsa, çalışacağıq ki, üzvlərimiz namizədliyini geri götürsün. Odur ki, azı 20 namizədlə seçkilərdə iştirak edəcəyik.

- Əgər həmin partiyalar sizin qatılacağınız dairədən namizəd irəli sürsə, necə?
- Bunun mənə heç bir aidiyyəti yoxdur. ADP olaraq heç kəslə qarşılıqlı öhdəlik əsasında bu qərarı qəbul etməmişik. Burada ADP-nin öz dəyərlərinə, demokratiyaya hörmətindən söhbət gedir. Məsələn, mən namizədliyimi 9 saylı dairədən irəli sürmək istəyirəm. Ancaq Müsavat bu dairədən iki namizəd irəli sürüb. Əlbəttə, bu məndə narahatlıq yaratmır. Çünki Müsavatla müqaviləm yoxdur ki, onun lideri olduğu dairədən mən, mənim namizəd olduğum dairədən isə o namizəd irəli sürməsin. ADP-nin mümkün qədər tanınmış şəxslərin namizədliyi olan dairələrdən alternativ namizəd irəli sürməməsi birtərəfli qəbul etdiyi qərardır. Düşünürük ki, bu daha pozitiv addımdır.

- Hazırda seçkilərdə müttəfiqliklə bağlı digər siyasi qüvvələrlə danışıqlar aparırsınız?
- Yox. Hələ rəsmi qeydiyyat yoxdursa, konkret olaraq kimlərin hansı dairədən namizəd olduğu bilinmirsə, dediyiniz danışıqlar aparmağın mənası da yoxdur. Siz dediyiniz məqam bu proseduralardan sonra mümkündür. Təbii ki, seçki təbliğatı zamanı bir-birinə qarşı təbliğat aparmamaq, ayrı-ayrı dairələrdə əməkdaşlıq etmək, hansısa dairələrdə seçkiyə nəzarət etməklə bağlı razılığa gəlmək mümkündür. Ancaq indi dairələr üzrə hansı namizədlərin olacağı bəlli olmadığından bu addımları atmaq da mümkün deyil. Amma namizədlər qeydiyyata alındıqdan sonra bəlli olacaq ki, hansı dairədən kimlər seçkiyə qatılacaq. Bax, o zaman ayrı-ayrı dairələr üzrə əməkdaşlıq mümkün ola bilər. Bu zaman bir çox partiyalarla əməkdaşlıq yarana və ya ümumiyyətlə, əməkdaşlıq olmaya bilər.

- Seçki ilində nədən müxalifətin təmərküzləşməsi baş vermədi?
- Rəsulzadənin maraqlı fikri var: həmrəylik o zaman meydana çıxa bilər ki, bütün qüvvələr eyni təhlükəyə məruz qalsın. Əgər qüvvələr müxtəlif təhlükələrə məruz qalırsa, həmrəylik mümkün ola bilməz. Bu gün müxalifətdə olan partiyaların hərəsinin öz problemi var. Birinin parçalanma, birinin intriqa, birinin blok, birinin maliyyə, digərinin lider, başqasının qərargah problemi var. Beləliklə, müxtəlif problemlər bir araya gəlməyə imkan vermir. İkinci səbəb isə uzun illərin nailiyyətsizlik sindromudur. Uzun illər bir yerdə olmuşuq, ən müxtəlif bloklarla seçkilərə qatılmışıq, amma heç bir nəticə alınmayıb. Belə fikir formalaşıb ki, sən demə, nailiyyətsizliyin əsas günahı koalisiya yaratmaq, seçkilərə birgə getməkdir. Bu nailiyyətsizlik sindromuna görə, adamlar uğursuzluğu bir-birindən görür. Məhz bu səbəbdən bir araya gəlmək mümkün olmur.

- Gəlin, səmimi danışaq, Ümid Partiyası sizdən imtina etdi, yoxsa siz Ümidlə əməkdaşlığa son verdiniz?
- Ümid bizdən əvvəl mətbuatda “125”lər klubu ilə birgə namizədlər siyahısı açıqladı. Sonra bəyan etdi ki, bu siyahıya görə heç kəsə güzəştə getməyəcək. Biz də siyahıya baxanda gördük ki, ADP-nin nəzərdə tutduğu bütün dairələrdən onlar namizəd irəli sürüb. Öncədən də bəyan etmişdilər ki, güzəştə getməyəcəklər. Bu da, o deməkdir ki, seçki bloku yaratmaq və ya bu istiqamətdə danışıqlar aparmağa ehtiyac yoxdur. Bu baxımdan təklif etdik ki, bu siyahını əsas götürmüsünüzsə, biz sizə mane olmayaq, özünüz bu formatda seçkilərə gedin. Onlar da dərhal sevindilər, minnətdarlıq və təşəkkür etdilər. Faktiki olaraq onların ürəklərində olanları biz dilimizdə dedik.

- Demədiniz kim kimdən imtina edib...
- Faktiki olaraq Ümid imtina etdi, formal olaraq biz müttəfiqliyi dayandırdıq.

- İndi keçmiş müttəfiqinizin namizədləri olduğu hər dairədən alternativ namizəd irəli sürəcəksiniz?
- Biz özümüz namizədlərimizi irəli sürəcəyik. Hansı dairədən alternativ olacaqsa, bu da gələcəyin işidir. Həm də, nəzərə alın ki, hər dairədən partiyaların verdiyi namizədlər hökmən qeydiyyata alınmır. Namizədlər qeydiyyata alınmaya da bilər. Bəlkə Ümidin namizədləri qeydiyyata alınmadı, bizim namizədlər qeydiyyata alındı? Hazırda bu məsələlər qeyri müəyyəndir. Odur ki, konkret cavab vermək mümkün deyil.

- AXCP, Milli Şura seçkiyə getmir. Siz boykot taktikasını nə dərəcədə doğru hesab edirsiniz?
- Siyasi partiyalar haqqında qanuna görə, partiya üzvlərinin hüquqlarını hər hansı bir ad altında məhdudlaşdırmaq olmaz. O cümlədən də partiya qərar verib üzvlərini aktiv şəkildə boykota çağıra bilməz. İkincisi, Seçki Məcəlləsinə görə, vətəndaşların seçkidən yayındırılması inzibati qanun pozuntusu hesab olunur. Ona görə də, heç kəs açıq şəkildə və qərarla seçkini boykot edə bilməz. Sadəcə olaraq partiya seçkiyə getməyi məqsədəuyğun hesab etməyə bilər. Konkret olaraq AXCP-nin seçki siyasəti bəllidir. Məsələn, ölkənin bütün müxalifəti seçkini boykot etdiyi dövrlərdə Əli Kərimlinin rəhbərliyi altında AXCP dəfələrlə seçkiyə gedib və 5-6 mandat əldə edib. Odur ki, AXCP-nin özünəməxsus seçki yolu var. Bütün partiyalar boykot edəndə AXCP seçkilərə gedirdi. İndi hamı seçkiyə gedir, AXCP isə getməməklə bağlı mövqe ifadə edir. Bu, Əli Kərimli və onun rəhbərlik etdiyi qrupun xüsusi davranışıdır. Bəlkə də, hamıdan fərqlənmək üçün.

- Maraqlı ifadə işlətdiniz: Əli Kərimli və rəhbərlik etdiyi qrup...
- Təbii ki, Əli Kərimlinin mövqeyi belədir. Milli Şurada Əli Kərimlidən başqa qərarların qəbuluna təsir edən ikinci şəxs yoxdur.

- Əli Kərimli və qrupu, yoxsa AXCP sədri Əli Kərimli?
- İndi AXCP parçalanan durumdadır. Bu partiyanı yaradanların çoxu oradan çıxıb, təəssübkeşləri fikirlərini dəyişib. Bir çoxları artıq Əli Kərimlinin sədrliyinə etiraz edir. Odur ki, indi AXCP vahid bir qurum kimi görünmür. Mən də buna əsasən belə ifadə işlədirəm. Milli Şura isə amorf təşkilatdır. Orada AXCP-dən başqa siyasi qüvvə təmsil olunmur.

- Siz AXCP-lərdən hansını rəsmən tanıyırsınız?
- Biz 20 ildir ki, belə ikiləşmələr zamanı konkret tərəflərdən birini tanımağa üstünlük verməmişik. Çünki hər bir şəxsin qrup yaradaraq siyasi proseslərdə iştirak etmək hüququ var. Əgər adlar iki olacaqsa, bunu Ədliyyə Nazirliyi çözməlidir. Ədliyyə Nazirliyi də hansı qrupu AXCP kimi tanıyacaqsa, biz də həmin qrupu AXCP kimi tanımağa məcbur olacağıq.

Nemət


Müəllif:

Oxşar xəbərlər