"Anamın adının Müsavat Partiyasının namizədləri sırasında olması mənim o siyahıya münasibətimi dəyişmir. Bir daha bəyan edirəm ki, siyahı əsasən, Müsavat Partiyasının başqanı Arif Hacılının maraqları üzərində qurulmaqla bərabər, partiyanın son illər zəiflədiyini göstərir".
Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının fəal üzvü, “Ağ Blok”un təmsilçisi Tural Abbaslı Müsavatın deputatlığa namizədlər siyashısına münasibət bildirərkən qeyd edib.
T.Abbaslı bildirib ki, Müsavat Partiyasının 125 seçki dairəsindən cəmi 70-i üzrə namizədlər irəli sürməsi, onların da 35-nin Bakını əhatə etməsi, partiyanın nüfuzunun hansı səviyyədə olduğunu nümayiş etdirir: "Bütün dairələr üzrə namizəd irəli sürə bilməməsi Müsavat Partiyası üçün müsbət hal deyil. Siyahıda kifayət qədər nüfuzlu şəxslər də var. Amma Müsavat Partiyasının rəhbərliyi tərəfindən incidilən, küsdürülən və ya tənqidi açıqlamalar verən şəxslər kənarda qalıb. Onlar bu gün Müsavat Partiyasının namizədlər siyahısında olmalı idi. Siyahıya baxdıqda görürürk ki, Arif Hacılıya yaxınlığı ilə seçilən, ona sədaqətli olan və siyasətini dəstəkləyən şəxslər önə çəkilib. Açığı, siyahını təftiş etmək istəmirəm. Amma Müsavat Partiyasının nə qədər zəiflədiyini zaman göstərəcək".
T.Abbaslı hesab edir ki, Müsavat Partiyası 108 saylı Ağstafa seçki dairəsindən iki nəfərin namizədliyini irəli sürməklə subardinasiya qaydasını pozub: "Mənim anam Başxanım Abbasova ötən seçkilərdə 108 saylı Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Və Müsavat Partiyasının namizədlərindən çox səs toplamışdı. Eyni zamanda anam Müsavat Partiyası Divanının üzvüdür. Subardinasiya qaydasına görə, Müsavat Partiyası birmənalı şəkildə Başxanım Abbasovanın namizədliyini dəstəkləməli idi".
Ruslan