8 Sentyabr 2015 11:51
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Kommunist Partiyası parlament seçkilərinə 50 namizədlə qatılacaq”.

Bu barədə partiya sədri Rauf Qurbanov məlumat verib. Onun sözlərinə görə, partiyanın üzvləri ilə yanaşı Azərbaycan Kommunist Partiyasından qovulmuş şəxslər də partiya adından öz namizədliklərini irəli sürməyə can atırlar: “Bu barədə məlumat əldə etmişik. Həmin şəxslərin AKP ilə heç bir əlaqələri yoxdur. Partiyadan xaric olunmuş adamlar dərnək şəklində Facebook səhifələrində gündəmə çıxıb insanları çaşdırmağa çalışırlar. Amma bu insanlar AKP-dən namizədliklərini verə bilməzlər. Kommunist Partiyası adından namizədliyini irəli sürüb qeydiyyatdan keçməyə cəhd göstərənlərlə bağlı AKP-nin Mərkəzi Komitəsi tərəfindən ciddi mövqe nümayiş olunacaq. Onların Kommunist Partiyası adından namizədliyi irəli sürülə bilməz”.

R.Qurbanovun sözlərinə görə, AKP seçki ilə yanaşı qurultaya hazırlaşır. O bildirib ki, artıq qurultayın bütün materialları hazırdır: “Rayon və şəhər təşkilatlarında konfranslar keçirilib, 400-ə yaxın nümayəndə heyəti seçilib. Qurultayın vaxtının dəqiqləşməsi icra orqanlarından asılıdır. Qurultayın keçirilməsi üçün bizə yer ayrılmasını xahiş edəcəyik. Müraciətimizə cavab veriləndən sonra məkan və dəqiq tarix bəlli olacaq. Avqustun 30-da partiyanın növbəti büro iclası olmalı idi. Atam qəflətən dünyasını dəyişdiyinə görə Gəncəyə getdim və iclası sentyabrın 6-da təxirə saldıq. Qurultayın özü də çox önəmli hadisədir. Qurultayla bağlı bütün prosedur qaydalar öz həllini tapıb. Sadəcə yerlə bağlı müvafiq icra orqanlarına müraciət edəcəyik və ümid edirik ki, sentyabrın sonunda qurultayımızı keçirə biləcəyik. Qurultayla yanaşı parlament seçkilərinə də hazırlıq gedir. Oktyabrın 1-dən təbliğat-təşviqat kampaniyası başladığına görə üzvlərimiz bu prosesə hazırlaşırlar”.

AKP sədri əlavə edib ki, rəhbərlik etdiyi partiyanın qurultayına respublikada fəaliyyət göstərən bütün siyasi partiya rəhbərləri, o cümlədən hakim partiya dəvət olunacaq: “Müxalifət və iqtidar bir-birinə düşmən deyil, sadəcə opponentik. Hər bir siyasi partiya Azərbaycan xalqının rifahı üçün çalışır. Hər hansı siyasi partiyaya fərq qoymadan siyasi təşkilat rəhbərlərini qurultayımıza dəvət edəcəyik. Həmçinin xarici qonaqlarımız da olacaq. Xarici qonağın dəvət olunması üçün vəsait lazımdır, bizim elə də güclü imkanımız yoxdur. Amma buna baxmayaraq, Kommunist Partiyaları İttifaqının rəhbərliyindən qurultayda iştirak etmək üçün Rusiya Dövlət Dumasının deputatlarına dəvət göndərəcəyik”.

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun dəvət olunub-olunmamasına gəlincə, R.Qurbanov deyib ki, hər bir dəvətnamə partiya sədrinin adına ünvanlanır: “Cənab Züqanov bu yaxınlarda Azərbaycanda idi. Bilmirəm, qurultayımıza özü gələcək, yoxsa müavinlərini göndərəcək, hər halda qurultay öncəsi kimin gələcəyin məlum olacaq”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər