AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin Abşeron şöbəsinin müşavirəsi keçirilib.
Müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə baş verən siyasi proseslərdən danışıblar.
Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb. Arif Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Qafarov Ali Məclisin üzvü, Fəzail Abbasov, Nizami Babayev AXCP Etimad Qurultayına nümayəndə seçiliblər.
Bu arada, bəlli olub ki, AXCP-nin Əli Kərimli qanadı sentyabrın 27-nə özünün qurultayını təyin edib. Qurultayla bağlı hazırlıq işlərinin yekunlaşdığı elan olunub. Ancaq bəllidir ki, qurultay üçün yer əldə etmək, bəzi texniki problemləri aradan qaldırmaq lazım gəlir. İndi qurultayın dəqiq tarixi elan olunsa da, onun baş tutub-tutmayacağı da bəlli deyil.
Onu da qeyd edək ki, narazılar da qurultaya hazırlaşır. Ehtimal olunur ki, sentyabrın 27-də AXCP adına iki qurultay keçirilsin və sonda hər iki tərəf Ədliyyə Nazirliyinə müraciət etsin. Əgər bu baş versə, o zaman hansı AXCP-nin legitim olması məsələsi meydana çıxacaq və tərəflər bir-birini məhkəməyə verəcəklər.
Əli Kərimlinin müavinlərindən biri istefa verəcək
Əli Kərimli qurultay keçirmək istədiyi bir vaxtda bəlli olub ki, onun müavinlərindən biri narazı qrupa keçmək üçün danışıqlar aparır. Narazılardan verilən qeyri-rəsmi xəbərə görə, yaxın vaxtlarda Əli Kərimlinin AXCP-sində sürpriz istefalar olacaq. Mənbənin dediyinə görə, istefalar təkcə sıravi üzvləri əhatə etməyəcək. Etirazçılara qoşulanların arasında Əli Kərimlinin ən yaxın silahdaşları, hətta heç kəsin inanmayacağı müavinlərindən birinin də olacağı gözlənilir.
"Facebook-a saxta profillər ənənəsini Əli Kərimli gətirib"
AXCP-nin Nərimanov rayon şöbəsinin sədri, hazırda narazılara qoşulan Şirvan Qasımov isə keçmiş sədri Əli Kərimlini ittiham edib. Deyib ki, 1991-ci ildən AXC-nin, 1995-ci ildən də AXCP-nin üzvüdür: "Partiyada siyasi fəaliyyətimi AXCP-nin Nərimanov şöbəsində davam etdirmişəm. Son bəyanatıma qədər AXCP-nin Nərimanov rayon şöbəsində sədr müavini vəzifəsində fəaliyyət göstərmişəm. Partiyada etiraz etdiyim məqam AXCP sədri Əli Kərimlinin yürütdüyü siyasət olub. Davam edən son siyası proseslərdən və partiya sədri Əli Kərimlinin səhv siyasətinə görə onun partiya sədrliyindən getməsi üçün bəyanat verib və Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsində fəaliyyətimi davam etdirməyə qərar vermişəm. Əlavə edim ki, partiyanın Nərimanov rayon şöbəsinin üzvləri bütövlükdə bizi dəstəkləyib. Mən də bu illər ərzində Əli Kərimlinin apardığı yanlış siyasəti və xalqa heç bir dəyər vermədiyini gördüm.
Tanıdığım illər ərzində bu insan xalqın və dövlətin mənafelərini deyil, təkcə öz mənafelərini güdüb, partiyanı əlində saxlamaq üçün istənilən yola əl atıb. Siyasi fəaliyyətdə bütün imkanları tükənmiş Əli Kərimli sosial şəbəkələrdə əxlaqı aşınmış şəxslər vasitəsilə çirkin kampaniyaya rəhbərlik edir. Facebook-da hətta ən kiçik tənqidə dözməyən Əli Kərimli onu tənqid edənləri mənəviyyatdan uzaq metodlarla təhqir etdirir, aşağılayır. Bunun nəticəsidir ki, onun yanında özünə hörmət edən adamlardan kimsə qalmayıb. Partiyanın irəliləməsi və inkişafı üçün heç bir iş görməyən və adda sədr olan Əli Kərimlinin işi sosial şəbəkələrdə saxta profillər açaraq insanlara şər və böhtanla qara yaxmaq olub. Facebook-a saxta profillər ənənəsini Əli Kərimli gətirib. Əminliklə deyə bilərəm ki, bu insanın ətrafında onun haqqında bir kəlmə müsbət fikir söyləyə biləcək heç bir kəs yoxdur. Partiya daxilində özünə monarxiya quran Əli Kərimlinin artıq partiyanı siyasi bir mübarizə metodu deyil, şəxsi obyekti kimi istifadə etdiyini gördüm və buna səssiz qala bilmədim".
Bu arada, Əli Sarıyev də danışıb. Qeyd edək ki, Əli Kərimliyə bağlı cəbhəçilər bu şəxsin partiyaya aidiyyəti olmadığını elan ediblər. Əli Sarıyev isə bildirib ki, 1989-cu ildən AXC-nin üzvüdür: "1995-də AXCP-yə üzv olmuşam. 1996-da AXCP Dünyamalılar dayaq dəstəsinin sədri, 2001-ci ildə AXCP Beyləqan şöbəsi NTK sədri, 2008-də AXCP Beyləqan şöbəsində Məclis sədri, 2010-2012-ci illərdə AXCP Beyləqan şöbəsi sədrinin müavini olmuşam. Əli Kərimli mənim cəbhəçiliyimi yaxşı bilir. Mən cəbhəçi olanda, Əli Kərimlinin heç "Ə"si və "K"si cəbhəçi deyildi".
Etirazçılar seçkilərə gedir
Artıq Əli Kərimlidən narazı olaraq bir araya toplanan narazılar arasında seçkilərə gedənlər olacaq. Eltural Mürsəlzadə bəyan edib ki, seçkilərə 81 saylı Beyləqan seçki dairəsindən namizədliyini irəli sürməklə qatılacaq. Qeyd edək ki, Əli Kərimlinin AXCP-si seçkilərə qatılmayacaq.
CAVİDAN