Hakim Yeni Azərbaycan Partiyası sentyabrın 15-də parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. Budəfəki siyahıda sürpriz adlarla yanaşı, yeniliklər də oldu. Siyahıda qadınlara geniş yer verən YAP hazırda parlamentdə təmsil olunan 13 deputatın namizədliyini irəli sürməyib. YAP-ın bu dəfə 25 qadın namizədi var. Bundan başqa, rektor deputatlarla bağlı qərar verilib. Belə ki, Yeni Azərbaycan Partiyasından deputatlığa namizədliyi irəli sürülən rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər.
Siyahıda isə rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) adı var.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Milli Məclisdə təmsil olunan YAP-ın deputatlarından 80 faizinin və ya 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb: "Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin".
YAP-ın imtina etdikləri
Namizədliyi irəli sürülməyənlərin siyahısına ötən parlament seçkilərində 109 saylı Balakən seçki dairəsindən deputat seçilmiş Rəbiyyət Aslanova, 6 saylı Culfa-Babək seçki dairəsindən İsmayıl Hacıyev, 16 saylı Yasamal II seçki dairəsindən Abel Məhərrəmov, 27 saylı Sabunçu II seçki dairəsindən Qalib Salahzadə, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyev, 81 saylı Beyləqan seçki dairəsindən Ayaz Orucov, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Ərəstun Cavadov, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Gülçöhrə Məmmədova, 55 saylı Xaçmaz seçki dairəsindən Arif Əşrəfov, 57 saylı Kürdəmir seçki dairəsindən Fərhad Qəribov, 77 saylı Astara seçki dairəsindən Aslan Cəfərov, 107 saylı Qazax seçki dairəsindən Əhməd Vəliyev və 121 saylı Laçın seçki dairəsindən Nazim Fərəcov daxildir.
İndiki deputatların əvəzləyiciləri
Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb. Bakı Dövlət Universitetinin rektorunun dairəsindən İbrahimov Xıdır Mənsum oğlunun namizədliyi verilib. Qalib Salahzadənin yerinə Cəbrayılova Dilarə Məmmədağa qızının, 34 saylı Xətai ikinci seçki dairəsindən Gülər Əhmədovanın əvəzinə İbrahimov Calal Ağarza oğlunun, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin yerinə Həmzəyev Naqif Ələşrəf oğlunun namizədliyi irəli sürülüb. Fərhad Qəribovun əvəzinə (57 saylı Kürdəmir seçki dairəsi) Qəribov Nizami İsməli oğlu, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyevin yerinə Rəşidov Nazim Sahib oğlu namizəd olub. Ayaz Orucovun deputat olduğu 81 saylı Beyləqan seçki dairəsindən İsmayılov Şahin Əmir oğlunun namizədliyi verilib. 107 saylı Qazax seçki dairəsində Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlu, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Arif Əşrəfovun yerinə Səlimov Eldəniz Adil oğlu, 77 saylı Astara seçki dairəsindən Aslan Cəfərovun yerinə Mahmudov Rəşad Məmmədqulu oğlu, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Ərəstun Cavadovun yerinə Mütəllimov Əlyunis Əlyusif oğlu, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Gülçöhrə Məmmədovanın yerinə Vəliyev Ağalar İsrafil oğlu namizəd olub.
Müxalif partiyaların rəhbərləri hansı YAP-çı ilə yarışacaq?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən namizəddir. YAP bu dairədən namizəd irəli sürməyib. 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının, Azərbaycan Sosial Rifah Partiyasının lideri Xanhüseyn Kazımlının 66 saylı Biləsuvar seçki dairəsində YAP-dan rəqibi yoxdur.
Müsavat başqanı Hüseynbala Mirələmovla mübarizə aparacaq
Müsavat başqanı Arif Hacılı 33 saylı Xətai birinci seçki dairəsində YAP-çı Hüseynbala Mirələmovla mübarizə aparacaq. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 22 saylı Nəsimi ikinci seçki dairəsində hakim partiyanın namizədi Rahib Hacıyevlə yarışacaq. 26 saylı Sabunçu birinci Seçki Dairəsindən namizədliyini verən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın YAP-dan olan rəqibi Kamran Qədirovdur.
İsa Qəmbərin rəqibləri 29 yaşlı gənc və Ülvi Quliyevdir
Müsavatın eks-başqanı İsa Qəmbərin iddialı olduğu 15 saylı Yasamal seçki dairəsindən YAP-çı rəqibi 29 yaşlı Bayram Aslanovdur. Hazırda Etibar Hüseynovun təmsil olunduğu bu dairədə bitərəf deputat Ülvi Quliyev namizəd olacaq.
70 saylı Masallı şəhər Seçki Dairəsindən tanınmış müxalifətçi Fikrət Cəfərli namiədliyini irəli sürüb. YAP-ın bu dairədən namizədi isə hazırda millət vəkili olan Nəriman Əliyevdir.
88 saylı Göyçay seçki dairəsinin deputatı Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev yenidən namizəd olacaqsa, hakim partiyanın namizədi Ləman Hacıyeva ilə rəqabət aparmalı olacaq. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd olan Ədalət Partiyasının sədri İlyas İsmayılovun rəqibi YAP-ın namizədi Canpolad Qəhrəmanovdur.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının ötən seçkilərdə millət vəkili seçildiyi 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini təkrar irəli sürəcəyi halda YAP namizədi Sərvər Əliyevlə mübarizə aparmalı olacaq.
İsgəndər Həmidov Cavid Qurbanovla yarışacaq
Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürüb. Sabiq nazirin rəqibi hazırkı millət vəkili, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovdur.
Ümid Partiyasının sədri İqbal Ağazadənin 35 saylı Xətai üçüncü seçki dairəsində əsas rəqibi YAP-ın namizədi Aliyə Ağrılıdır.
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizəd olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin YAP-çı rəqibi Naqif Həmzəyevdir.
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn "Azadlıq-2015" seçki blokunun namizədi kimi 63 saylı Sabirabad birinci seçki dairəsindən mandat uğrunda yarışa qoşulacaq. YAP bu dairədən Elçin Quliyevin namizədliyini verib.
Arzu Səmədbəyli Aysel Əlizadələrə qarşı
Tanınmış müsavatçı Arzu Səmədbəylinin iddialı olduğu 8 saylı Binəqədi birinci seçki dairəsində maraqlı situasiya yaranıb. Arzu Səmədbəylinin rəqiblərindən ikisi eyni ad və soyadlı Aysel Əlizadələrdir. YAP-dan Əlizadə Aysel İsmayıl qızı, "125-lər" siyasi klubundan isə Əlizadə Aysel Alim qızı 8 saylı dairədə namizəd olacaq.
30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd olan Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan Vurğun Əyyubun da YAP-çı rəqibi xanımdır. O, hazırda parlamentdə təmsil olunan Sevinc Fətəliyeva ilə mübarizə aparacaq.
"Azadlıq-2015" seçki blokunda təmsil olunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində hakim partiyanın namizədi Etibar Sadıqovla yarışacaq.
Mirmahmud Mirəlioğlu Muxtar Babayevlə üz-üzə
Namizədliyini 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən irəli sürən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun rəqibi hazırki deputat Muxtar Babayevdir.
Sərdar Cəlaloğlu geri çəkildi
9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini verəcəyini deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu son anda namizədlikdən imtina edib. Bu dairədə hakim partiyanın namizədi Kəmaləddin Qafarovdur.
NƏRGİZ