Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daxilində yaranan durum getdikcə gərginləşir. Partiyada faktiki olaraq razılar və narazılar mövcuddur. AXCP sədri Əli Kərimlinin apardığı siyasətdən narazı qalan cəbhəçilər AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsində birləşib. Hazırda narazılar mümkün qədər partiyanın strukturlarını ələ keçirmək və ya alternativ qurumlar yaratmağa çalışırlar. Məqsəd isə ayın sonuna qədər qurultay təşkil edib dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməkdir. Narazılar açıq qeyd edirlər ki, əgər işlərini yüksək səviyyədə qura bilsələr, AXCP-nin möhürünü Əli Kərimlinin əlindən alacaqlar.
Narazılar Zərdabda konfrans keçirib
Artıq narazılar bir neçə rayonda təşkilatlana biliblər. Son olaraq AXCP-nin Zərdab rayon şöbəsini qurublar. Verilən məlumata görə, AXCP rayon şöbəsinin Zərdabda keçirilən konfransının iştirakçıları Əli Kərimlinin sədrliyi illərində partiyada diktatura rejimi yaradıldığı, azad, fərqli fikirlərə qarşı ləkələmə, şantaj, təhqir siyasətinin yürüdüldüyü və bu səbəblərdən də partiyanın xalq arasında əvvəlki nüfuzunu itirdiyini bildiriblər. Daha sonra keçirilən seçkilərdə Nizami Qasımov şöbə sədri, Samiq Məmmədov Ali Məclis, Yaşar Quluyev, Əlizamin Surxayoğlu, Şəhriyar Yedyarov NTK üzvü, Yaşar Quluyev, Nazir Abbasov, Əlizamin Surxayoğlu və Xətai Qasımov qurultay nümayəndəsi seçiliblər.
Xocavənd rayon şöbəsini narazılar götürüb
AXCP-nin Xocavənd rayon şöbəsinin də konfransı uğurla baş tutub. Konfransda partiyanın bərpası və fəaliyyət istiqamətləri, təşkilati məsələlər müzakirə olunub. Tədbirdə AXCP-də baş verənlər, Əli Kərimlinin partiya daxilində apardığı yarıtmaz siyasət kəskin tənqid edilib. Qeyd olunub ki, Əli Kərimlinin sədrliyi partiyanı uçuruma doğru aparır. Həyatını bu təşkilatın inkişafına, qorunub saxlanmasına sərf edənlərə qarşı təzyiqlər göstərilir, böhtanlar atılır. Bunların arxasında da birbaşa Əli Kərimli və onun yaxın ətrafı dayanır. Xocavənd cəbhəçiləri məhz bu səbəbdən də AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiklərini və bundan sonrakı fəaliyyətlərini bu istiqamətdə quracaqlarını bildiriblər. Konfransda Coşqun Əliyev sədr, Vüsal Abdullayev Ali Məclis üzvü, Ramin Məhəmmədov, Cahangir Quluyev, Vəliqulu Əliyev NTK üzvləri, Vüsal Abdullayev, Ceyhun Əliyev, Təmkin Mürsəlzadə və Eyvaz Cabbarov qurultay nümayəndəsi seçilib.
Sosial şəbəkədə təhqir savaşı
Bu arada, AXCP-də ikiyə bölünən razılar və narazılar sosial şəbəkələrdə bir-birini ittiham edirlər, vəzən təhqir elementləri müşahidə olunur. Narazılar onları sosial şəbəkədə təhqir edənlərlə bağlı məlumat yayıblar. Məlumatda qeyd olunur ki, təhqir dolu statuslardan birinin müəllifi Ayət İsmayıl adlı şəxs Əli Kərimliyə yaxın bir şəxsdir. Konkret olaraq Kərimlinin göstərişi və şəxsi tapşırığı olmadan nə danışar, nə də yazar. Əli Kərimli öz düşüncələrini bu adamın adından paylaşıb. Belə təhqirləri bəyənənlər siyahısında adı olan daha bir nəfər, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, AXCP-nin Əli Kərimli qolunun Rəyasət Heyətinin üzvü Eldar Hüseynovdur. Eldar Hüseynov bununla universitet müəllimi kimi tərbiyə sərhədini aşan sözlərlə həmfikir olduğunu, siyasi mübarizəsinin ancaq söyüş və təhqirdən ibarət olduğunu nümayiş etdirməkdədir.
Əli Kərimlinin mühafizəçisindən əxlaqsız söyüşlər
Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli ilə narazılar sırasında olan Rahib Hacıyev arasında da qalmaqal baş verib. Tərəflərin sosial şəbəkədə bir-birini necə təhqir etməsi yayılıb. Hər iki şəxs siyasət üzündən bir-birini məişət səviyyəsindən də aşağı söyüşlərlə təhqir ediblər.
AXCP fəalı dəfələrlə partiyanın etiraz aksiyaları zamanı həbs edilən Dəyanət Babayev isə maraqlı məqamlardan danışıb: "Bəzi dostlar mənə deyir ki, sən sakit dayan hər şey yaxşı olacaq. Bir neçə gündür sakit dayanmışam. Ancaq qarşı tərəf yenə öz fəaliyyətindədir.AXCP Nərimanov şöbəsinin gənc bir üzvü var. Əli Kərimlinin sərəncamsız müşaviri Məmməd İbrahim və şöbə sədri Hacı Abbaslı bu gəncə məsləhət görüb ki, Dəyanət Babayevlə oturub durma. Onlar məni az qala agent adlandırıblar. İndi mən bunlara nə deyim? Ailədə elə tərbiyə almışam ki, onlara istədikləri formada cavab vermək imkanında deyiləm. Əli Kərimli, bax, görə Nərimanov şöbəsini necə dağıdırlar".
D.Babayev daha sonra qeyd edib ki, Ağaşirin Tanrıverdioğlunun qanunsuz olaraq partiyadan çıxaranda qərara etiraz edib: "Bu zaman Bəhruz Həsənlinin qardaşı mənə dedi ki, səni tutaram, başını divara çırparam. Babək Həsənov Cəmil Həsənlinin, Bəhruz Həsənli isə Əli Kərimlinin mühafizəçisidir. Onların söyüşlərinə diqqət edib qiymətini verin. Mərhum jurnalist Rasim Əliyev rəhmətə gedəndə hamı futbolçu Cavid Hüseynovu günahkar bilirdi. Sag olsun dövlət, Cavidi kimliyindən asılı olmayaraq həbsə atdı. Amma bu şəxslər bu gün AXCP-də reketçiliklə məşğuldular. Rəhbərlik bunları görmür? Yetər artıq biz hakimiyyətin dəyişib bu cür insanlara verilməsin istəmirik. Bunlar hakimiyyətə gəlib hər gün Rasim kimi bir nəfəri öldürüb qatil kimi azadlıqda gəzəcəklər".
AXCP-nin bayraqdarı narazılara qoşulub
Dünən axşam saatlarında daha bir fəal Əli Kərimlini tərk edib. Belə ki, AXCP-nin bayraqdarı Elçin Dəmirov Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiyini bəyan edib. Elçin Dəmirovun bununla bağlı verdiyi bəyanatı təqdim edirik: "Mən Dəmirov Elçin 1989-cu ildən AXCP-nin üzvüyəm. Partiyanın keçirdiyi bir çox icazəli və icazəsiz aksiyalarda iştirak etmişəm. Növbəti belə icazəsiz aksiyaların birində AXCP-nin bayrağı ilə həbs olundum, sonra yenidən azadlığa buraxıldım. Bu hadisədən 2 gün sonra keçirilən müşavirədə Əli Kərimli həbs olunduğum bayrağın üzərinə öz imzasını ataraq mənə bağışladı və məni AXCP-nin bayraqdarı elan etdi. Lakin bu gün partiayada Əli Kərimli və onun yaxınlarının yaratdığı qeyri-sağlam mühit məni narahat edir, mənim burada fəaliyyət göstərməyimə mane olur. Lakin mən AXCP-dən istefa vermirəm, mən yenə partiyadayam, sadəcə, bundan sonrakı fəaliyyətimi Etimad Qurultayı Təşkilat Komitəsində davam etdirəcəm".
Qeyd edək ki, AXCP-də iki qrupa bölünən narazılar və razılar bu ayın sonunda qurultay keçirəcək. Hər iki tərəfdə qeydiyyata alınmaq üçün addımlar atacaq. Görünən budur ki, AXCP-nin hüququ baxımdan kimə məxsus olması müəyyən edilməyənə qədər qarşıdurmalar, təhqirlər davam edəcək.
CAVİDAN