18 Sentyabr 2015 13:07
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiyanı əldə etmək üçün razı və narazılar bütün vasitələrə əl atırlar

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daxilində formalaşan razılar və narazılar arasında mövqe toqquşmaları davam edir. Əli Kərimlinin apardığı siyasətdən narazı qalanların toplaşdığı AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi fəaliyyətini davam etdirir. Təşkilat Komitəsindən bildiriblər ki, hazırda daha bir neçə rayon təşkilatlarında konfransların keçirilməsi, yerli strukturların yaradılması nəzərdə tutulur.

Bu proses başa çatdıqdan sonra isə narazılar qurultaya gedəcək, özünün yeni sədrini və Ali Məclisini formalaşdıracaq, daha sonra dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə üz tutaraq qurultayın nəticələrinin təsdiq olunmasını gözləyəcək. O da qeyd edilir ki, AXCP-nin Əli Kərimli qanadından istefalar və qopmalar davam edir. Yaxın günlərdə isə daha bir neçə nəfərin istefa dalğası yaşanacaq. Ancaq Əli Kərimlinin sədri olduğu AXCP də qurultaya hazırlaşır. İndiyə qədər onlar bir çox rayonlarda konfrans keçiriblər, hazırda isə Bakının müvafiq rayonlarında konfrans keçirib qurultaya nümayəndə seçirlər. Bu qrup bildirir ki, sentyabrın 27-nə qurultay təyin edib və ali tədbirini keçirəcək. Ancaq tərəflər arasında söz davası, bir-birini təhqir prosesi davam edir.

"Sosial şəbəkədə Fuad Qəhrəmanlının zombi dəstəsi var"

Qeyd edək ki, bir neçə gün əvvəl AXCP fəallarından olan Ruslan Nəsirli partiyanı tərk edərək narazılara qoşulub. AXCP sədri Əli Kərimli isə bəyan edib ki, R.Nəsirli heç vaxt AXCP üzvü olmayıb. Bu mövqe Ruslan Nəsirlini əsəbiləşdirib və gənc fəal AXCP daxilində baş verən proseslərlə bağlı açıqlama verib. Nəsirli deyib ki, rəsmi olaraq 2013-cü ildən partiya sıralarında fəaliyyət göstərir: "Mən rəsmi olaraq 2013-cü ildən AXCP-nin üzvü olmuşam. Partiyanın üzvü olduğum dövrdə 2 dəfə həbs olunmuşam. AXCP-dən ayrılmağımın səbəbi isə birinci növbədə Həsən Kərimov və Fuad Qəhrəmanlının partiya daxilində gənclərin inkişafına mane olmalarıdır. Fuad Qəhrəmanlının Facebook-dakı qruplarda özünün şəxsi zombi dəstəsi var. Kiminlə qəsd-qərəzliyi varsa, bu adamlar həmin gün həmin adama təhqirlər yağdırır. Baxmayaraq ki, onun özü öhdəliklər götürüb və sifarişlər həyata keçirir. Partiyada az da olsa, fəallıq göstərən gənclərə olmazın ittihamlar yağdıraraq onu satqın adlandırır".

"İki il əvvəlki gənclərin çoxu AXCP-dən gedib"

Ruslan Nəsirli deyir ki, ona qarşı kampaniya Əbülfəz Qurbanlının istefasından sonra başlayıb: "Fuad Qəhrəmanlının bu kampaniyası Əbülfəz Qurbanlının istefasından sonra start götürüb. Ə.Qurbanlı Rəyasət Heyətində bir növ gənclərin qoruyucusu qismində idi. Onun partiyadan məcburi şəkildə getməsinə nail olduqdan sonra onlar gənclərə daha asan qara yaxır və partiyadan kənar edirdilər. Bunun üçün də yeni kampaniya başlatdılar. Əslində, bu kampaniyanın ikinci hissəsi idi. Birinci hissəsində isə Seymur Həzinin Ali Məclisin sədrliyinə iddialı olduğunu bildikdən sonra ilk öncə onun özünü həbs etdirdilər. Natiq Ədilovun qardaşını, Asif Yusiflini isə Hacı Abbaslının əli ilə həbs etdirdilər. Ə.Qurbanlı da hamıya məlumdur. Nərimanov şöbəsinin sədri Hacı Abbaslının təkcə Asif Yusiflinin həbsində əli yoxdur. Eyni zamanda onun şöbəsində olan və Əli Kərimlinin sərəncamsız müşaviri Məmməd İbrahimin də mənim birinci həbsimdə "böyük əməyi" olub. Belə ki, o məni öz işlədiyi mağazaya çağıraraq polislərə təhvil vermişdi. Partiyada bütün bu "müdhiş" proseslərin arxasında "boz kardinal" kimi Həsən Kərimov dayanır. Mən tam əminəm ki, AXCP-nin qərargahının partladılmasında, Seymur Həzinin, Asif Yusiflinin və partiyadakı digər gənclərin həbsində onun birbaşa əli var. Biz gənclər kiməsə lağ edəndə bu Əli Kərimlinin xoşuna gəlir. Amma biz daxili söhbətlərimizdə, çay süfrəsi arxasında deyəndə ki, axı nə vaxta qədər Həsən Kərimov Ali Məclisin sədri qalacaq? Bu, Əli Kərimlinin xoşuna gəlmir və bizi avtomatik olaraq satqın çıxarırlar. Diqqət etsəniz, görərsiniz ki, partiyada iki il bundan əvvəlki gənclər artıq yoxdur. İki il bundan sonra da indiki vitrin gənclər olmayacaq. Bunun səbəbi isə partiya daxili avtoritar mühit, gənclərin boğulması və fərqli fikirlərə yol verilməməsidir".

Cəbhəçilərin qarşılıqlı təhqiri davam edir

Cəbhəçilərin bir-birini təhqir etməsi və ya sosial şəbəkədə bu kimi təhqirlərin AXCP rəhbərliyində təmsil olunan ziyalılar tərəfindən stimullaşdırılması prosesi davam edir. Narazılar elan edib ki, Əli Kərimli qanadı sosial şəbəkələri söyüş və təhqiri davam etdirir. Kərimlinin tərəfdarları fərqli düşüncə sahiblərini təhqir etməyi özlərinə "vəzifə borcu" bilir, bununla sanki Əli Kərimli qarşısında öyünmək fürsəti əldə edirlər. Əli Kərimlinin göstərişi ilə hərəkət edən, təhqiri siyasi mübarizə üsulu sayan bəziləri AXCP Etimad Qurultayının Təşkilat Komitəsinə daxil olan partiya üzvlərinə qarşı bu münasibəti nəinki qınamır, əksinə, kimin daha yaxşı təhqir edəcəyi ilə bağlı "yarışa" qoşulublar. Bu təhqirləri dəstəkləyənlər arasında xalq hərəkatının aparıcı nümayəndələrindən İbrahim İbrahimli, İqtisad Universitetinin müəllimi Eldar Hüseynov kimi şəxslər də var. Statusu bəyənənlərdən biri də AXCP-nin Əli Kərimli qanadının üzvü, məktəb müəllimi, dindar Sahib Rüstəmlidir.

Qeyd edək ki, Sahib Rüstəmli həm də AXCP-nin Əli Kərimli qanadının Sabirabad şöbəsindən Ali Məclisin üzvüdür.

Cavidan


Müəllif:

Oxşar xəbərlər