Rusiya mətbuatının yazdığına görə, sentyabrın 23-də Moskvada, Sülh prospektindəki yeni Cümə məscidinin açılışı olacaq. Mərasimdə müsəlman ölkələrin - Azərbaycan, Türkiyə, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçılarının iştirak edəcəyi qeyd olunur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfər edəcəyi artıq dəqiqləşib. “Sentyabrın 23-də Moskvada prezident Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Türkiyə prezidenti Moskvada məscidin açılış törənində iştirak edəcək. Həmçinin, onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Vladimir Putin ayrıca danışıqlar aparacaq”, - deyə Peskov qeyd edib.
Ekspertlər hesab edir ki, Qurban bayramı ərəfəsində Rusiyada Cümə məscidinin açılması və müsəlman ölkələri başçılarının Moskvaya dəvət olunması, əslində Kremlin Qərb dünyasında itirilmiş nüfuzunu qeyri-xristian toplumu hesabına nisbətən bərpa etməsinə hesablanıb. Ciddi sanksiyalarla üzləşən Rusiya iqtisadi və siyasi itkilərini müsəlman ölkələrilə əlaqələri gücləndirməklə ört-basdır etməyə çalışır. Həmçinin Kremldə yaxşı anlayırlar ki, müsəlman ölkələrində anti-Qərb əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir və bölgədəki böhranın, çaxnaşmaların əsas baiskarı kimi, Qərb dövlətləri göstərilir. Bu mənada yaranan stiuasiyadan öz maraqları üçün istifadə etməyə çalışan Moskva müsəlman dövlətlərinin prezidentlərini məhz Qurban bayramı ərəfəsində, özü də, məscidin açılış mərasimi adı altında bir yerə toplayır.
Politoloq Fikrət Sadıqovbildirib ki, Rusiya hər zaman müttəfiq axtarışında olub: "İndiki zamanda Rusiyaya müttəfiq hava-su kimi lazımdır. Çünki Qərb dövlətləri ilə münasibətləri pisdir. Sanksiyalar get-gedə gücləndirilir. Avropadan təcrid olunan Rusiya axtarışdadır, böhrandan çıxış yolu axtarır. Amma Rusiya dünyada lider ölkələrdən biri olaraq qalmaqdadır. Bizim maraqlarımıza zidd deyilsə, belə formal yaxınlaşmanı qəbul etməliyik. Biz bu yaxınlaşmadan öz maraqlarımız üçün istifadə etməliyik. Xüsusilə də, Dağlıq Qarabağ məsələsində Rusiyadan lazım olan dəstəyi almalıyıq. Biz bilirik ki, regionda bir çox məsələ, xüsusilə də, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Mənə elə gəlir ki, Rusiya-müsəlman dünyası yaxınlaşmasında istifadə edə bilsək biz Dağlıq Qarabağ münaqişəsinin daha tez həlli üçün Kremli güzəştə razı sala bilərik. Geosiyasi fon Rusiyanı geri addım atması üçün əlverişlidir. Biz bundan istifadə etməliyik".
Ruslan