22 Sentyabr 2015 12:20
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahib Kərimli: “AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır”

AXCP sədri Əli Kərimliyə etiraz olaraq rayon şöbələrinin narazıların tərəfinə keçməsi prosesi davam edir. Belə ki, Qəbələ rayon şöbəsi bütünlüklə Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə dəstək verdiyini bəyan edib. 40-dan çox cəbhəçinin iştirak etdiyi AXCP Etimad Qurultayı TK-nın Qəbələ konfransında partiyada son zamanlar baş verən parçalanmalarda Əli Kərimli günahlandırılıb. Qeyd edilib ki, Əli Kərimlinin yolunda mübarizə aparan partiya üzvləri bu gün diqqətdən kənar qalıb, partiya rəhbərliyi onların həyatı ilə maraqlanmır.

Daha sonra təşkilati məsələlərə baxılıb. Şahib Bayramov sədr, İlqar Ağasıyev Məclis üzvü, Ramin Qasımov, Hakim Əhmədov, Dünyamin Ağasıyev, Elbrus Məmmədov, Şirin Abdulrəhimov qurultay üzvləri seçiliblər.

Ağsu cəbhəçiləri Əli Kərimliyə etiraz edib

Ağsuda da AXCP EQTK-nın konfransı baş tutub. Tədbirdə rayon cəbhəçiləri Etimad Qurultayı üzrə Təşkilat Komitəsininin yanında olduqlarını açıqlayıblar. Ağsu cəbhəçiləri Əli Kərimlinin partiya daxilində yaratdığı “qəbilə rejimi”nə, diktaturaya “yox” deyiblər. Konfrans iştirakçılar mövcud xaosdan çıxış yolunun Əli Kərimli və onun yaxın ətrafının partiyadan uzaqlaşdırılmasında görüblər. Daha sonra İmanov Vüsal sədr, Zərbəliyev Daşqın Ali Məclis üzvü, Unbayev Nadir, Əkbərov Elşad və Əliyeva Afət Ələddin qızı NTK üzvləri, Unbayev Nadir, Əliyeva Afətı, Zərbəliyev Daşqın, İmanov Vüsal isə Qurultay nümayəndələri seçiliblər.

Qazax təşkilatı Əli Kərimliyə etiraz edib

Qazax konfransında da narazılar dəstəklənib. Rayon cəbhəçiləri konfrans keçirərək, Əli Kərimlinin sədrliyini istəmədiklərini bildiriblər. Sonda Musayev İlham AXCP Qazax rayon şöbəsinin sədri, Namazov Vüqar Ali Məclisin üzvü seçilib.

Sədrliyə namizəd təhqir edildi

Qeyd edək ki, hazırda AXCP-nin hüquqi sədri olan Əli Kərimlinin ətrafında da maraqlı proseslər baş verir. Həftənin sonunda Əli Kərimli qurultay keçirəcək. Lakin AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin qurultayda sədrliyə namizədliyini irəli sürəcəyini elan etməsi vəziyyəti tamam dəyişib. Dünən gecə saatlarında sosial şəbəkələrdə AXCP-yə bağlı gizli qruplarda Sahib Kərimli təhqir edilib, satqın adlandırılıb. Müzakirələr səhər saat 06:00-a qədər davam etsə də, sonda nəticə əldə edilməyib. Kərimliyə bağlı cəbhəçilər Sahib Kərimlini satqınlıqda ittiham edib, onu aşağılayacaq ifadələrlə təhqir ediblər. Sahib Kərimlinin özü də bu haqda fikrini ifadə edib: “Mənə yenə ”satqın" deyirlər. AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, amma iddiamın arxasında hansısa niyyət axtarılır. Nəyi və niyə sataraq iddialı olum ki? Bəlkə inanaraq oluram? Özümə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa, əl sıxaq, öyrənək, öyrədək".

Xatırladaq ki, dünən sosial şəbəkədə Sahib Kərimli ilə AXCP sədri Əli Kərimlinin ən yaxın adamı Kərim Mehdiyev arasında da atışma olub. S.Kərimli qeyd edib ki, cəbhəçilərin partiyadan çıxması daha çox şəffaf idarəetmədəki problemlərlə bağlıdır və bu qüsurları aradan qaldırmaq lazımdır: “Əvvəl adamlar incidilir, sonra küsdürülür, daha sonra başqa qüvvələrin təsirinə rahatlıqla düşürlər. Buna son qoymaq üçün AXCP də idarəetmənin formasını dəyişmək lazımdır. Narazı cəbhəçilər də bir zamanlar böyük fədakarlıq etmiş cəbhəçilərdi. Onların fəaliyyətlərini tənqid etmişəm, partiya üçün zərərli hesab edirəm. Təşkilatda qalmaq lazımdır, demokratik ənənələr qazandırmaq gərəkdir. Ümumiyyətlə, yarışma varsa, təsadüfi adamlar partiya rəhbərliyində təmsil oluna bilmirlər”.

Kərim Mehdiyev isə Sahib Kərimlini bu mövqeyi səbəbindən ciddi tənqid edib, bildirib ki, idarəetmədə qüsur yoxdur, partiyanı tərk edənlər satqındır.

AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsində isə düşünürlər ki, Sahib Kərimli olayı Əli Kərimlinin öz düşüncəsinin məhsuludur və məqsəd narazı cəbhəçilərlə bağlı yaranan ajiotajı arxa plana keçirmək, gündəmi dəyişməkdir.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər