Azərbaycan Prezidenti İlham Əliyev Dünya tarixçilərinin VIII beynəlxalq Atatürk konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunur: "Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
Tarixçi alimlərin mötəbər məclisinin Gəncə şəhərində keçirilməsi ölkəmizin elmi və ictimai həyatında əlamətdar hadisə olmaqla yanaşı, həm də dərin rəmzi məna daşıyır. Hələ qədim və orta əsrlər dövründə iri ticarət və mədəniyyət mərkəzi kimi tanınmış, bəşər sivilizasiyasına Nizami, Məhsəti və digər görkəmli şəxsiyyətlər bəxş etmiş bu diyar bütövlükdə şərq-müsəlman intibahının əsas ocaqlarından biri sayılır".
Dövlət başçısı vurğulayıb ki, tarix elmi indiyə qədər böyük inkişaf yolu keçmiş, texniki nailiyyətlərin, texnoloji yeniliklərin tətbiqi sayəsində araşdırmaların kəmiyyət və keyfiyyət göstəriciləri xeyli yüksəlib: "Lakin bu elmin xalqlar və cəmiyyətlər qarşısındakı başlıca missiyası dəyişməz olaraq qalır: keçmişi yaşatmaqla bu günə və gələcək tərəqqiyə xidmət göstərmək. Yalnız obyektiv, qərəzsiz yazılan gerçək tarix bəşəriyyətin inkişafına dəyərli töhfə verə bilər. Gerçəkliyi üzə çıxarmağın səmərəli yollarından biri isə mütəxəssislərin iştirakı ilə keçirilən belə nüfuzlu elmi toplantılardır.
Konfransın region ölkələrinin XIX-XX əsr tarixinə həsr olunması həm də mühüm siyasi əhəmiyyətə malikdir. Belə ki, o dövrdə cərəyan etmiş proseslər xalqlarımızın taleyində dərin iz buraxmış, mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsirinin artmasına, milli şüurun formalaşmasına, dövlətçilik ənənələrinin yeni formada dirçəlməsinə şərait yaratmışdır".
İlham Əliyev bildirib ki, eyni zamanda tarixin bu mərhələsi böyük sarsıntılar, müstəmləkə işğalları, türk-müsəlman toplumlarına qarşı törədilən qırğınlar, deportasiya və etnik təmizləmələrlə yaddaşlarda qalıb, günümüzədək davam edən münaqişələr və digər faciəli hadisələrlə müşayiət olunub: "Həyat göstərir ki, tarixi həqiqətlərin gizlədilməsi və ya təhrif olunması, elmi araşdırmaların məhdud ideoloji çərçivələrə salınması, siyasi məqsədlərə və geosiyasi maraqlara tabe etdirilməsi acı nəticələrə gətirib çıxarır, xalqları çətin sınaqlarla üz-üzə qoyur. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş cinayətlərin yüzilliyin sonlarında yenidən və daha ağır formada təkrarlanması, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunması, soydaşlarımızın deportasiyası, Xocalı soyqırımı kimi dəhşətli faciənin baş verməsinin əsas səbəblərindən biri də məhz tarixi hadisə və proseslərin obyektiv işıqlandırılmaması, onlara vaxtında adekvat qiymət verilməməsidir.
Təqdirəlayiq haldır ki, beynəlxalq Atatürk konfransı platformasında birləşən tarixçilər öz peşə borcuna böyük məsuliyyətlə yanaşaraq, keçmişi elmi prinsiplər əsasında araşdırmaq üçün gərgin əmək sərf edirlər. Əminəm ki, bugünkü toplantınızda dinlənəcək məruzə və çıxışlar, aparılacaq elmi müzakirələr həmin müsbət təcrübənin davamlı olduğunu bir daha təsdiqləyəcək, tariximizi daha yaxşı dərk etməyə və ondan ibrət dərsi götürməyə əlavə imkanlar yaradacaqdır. Sizə çətin və şərəfli işinizdə yeni uğurlar arzulayıram".