35 saylı Xətai üçüncü seçki dairəsində deputatlığa namizəd İqbal Ağazadənin görüşünə gətirilən vətəndaşlar onlara vəd olunan pulu almayınca etiraza qalxıblar.
Bu barədə Türk-slavyan hərəkatının lideri, politoloq və həmin dairədən deputatlığa namizəd Adıgözəl Məmmədov məlumat verib.
A.Məmmədov qeyd edir ki, ötən gün onun seçicilərlə görüşü olub: “Təyin olunmuş görüş yerinə gəldikdə gördüm ki, İqbal Ağazadənin də orada tədbiri var. İqbal Ağazadə ilə görüşə Füzuli rayon sakinləri olan həmkənliləri cəlb olunmuşdu. İqbal Ağazadənin adamları insanları avtobusla daşıyıb gətirmişdilər. Bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Fotolara baxmaq kifayətdir ki, fakt təsdiqlənsin. Yəqin ki, müvafiq strukturlar məsələni araşdıracaqlar. Sual olunur, İqbal bəy, yaxşı olmazdı ki, namizədliyinizi elə Füzuli rayonundan verərdiniz?”
“İqbal Ağazadə görüşə gələnlərə pul vəd edib”
A.Məmmədov bildirib ki, akt-zalının qarşısında qarışıqlıq onun seçicilərinin zala daxil olmasına belə mane olub: “Qəribə mənzərə yaranmışdı. ”Bəxtiyar" filmindəki kontrabasçısayaq bəziləri “pullarımızı kim verəcək” deyərək İqbal Ağazadənin adamlarını axtarırdılar. Sanki bir komediya yaşanırdı. İqbal bəy isə 1990-cı illərə xas tərzdə zalın çölündə səkinin üstündə çıxış edərək tez-tez “mənim xalqım” deyə hayqırırdı. Sonra o, tez avtomobilə minib gözdən itdi. Amma görüşə gətirilənlər isə İqbal Ağazadənin adamlarını axtarırdılar ki, onlara vəd olunan vəsaiti alsınlar".
Qeyd edək ki, bu, 35 saylı Xətai üçüncü seçki dairəsi ətrafında yaranan növbəti qalmaqallı məqamdır. Bundan öncə sözügedən dairədə deputatlığa iddialı olan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə İqbal Ağazadədən 35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasına şikayət ərizəsi yazmışdı. A.Əlizadənin fikrincə, İqbal Ağazadə vaxtından əvvəl kampaniyaya başlayıb, asfalt çəkib, uşaq yelləncəkləri düzəltdirir: “Bu, qanuna tamamilə ziddir. Bunlar hamısı əslində bələdiyyələrin işləridir. Əgər İqbal Ağazadə bu işləri görmək istəyirsə, getsin bələdiyyəyə namizədliyini versin”.
Araz Əlizadə həmin ərazidə gedən işlərin fotolarını mediaya göndərmişdi. İqbal Ağazadə isə Araz Əlizadənin fikirlərini şər adlandırıb.
“Özünü müdafiə edə bilmirsə milləti necə müdafiə edəcək?”
A.Əlizadə İ.Ağazadənin fikirlərini şərh edərkən deyib ki, əgər dedikləri şərdirsə, Ümid sədri onu məhkəməyə verə bilər: “Dediyim sözün arxasında fakt durmasa, ağzımı açmaram. Dairə Seçki Komissiyası İqbal Ağazadəyə xəbərdarlıq edib. Əgər o xəbərdarlıq yalandan edilibsə, Dairə Seçki Komissiyasının fəaliyyətindən Mərkəzi Seçki Komissiyasına niyə şikayət etmir? İqbal Ağazadə özünü müdafiə edə bilmirsə milləti necə müdafiə edəcək?”
Sosial-Demokrat Partiyasının sədri əlavə edib ki, İqbal Ağazadə barədə Baş Prokurorluğa və polisə material göndərib: “İqbal Ağazadənin qardaşı 2 işçisini səlahiyyətli nümayəndəm Günel Babayevanın evinə göndərib. Bununla bağlı polisə müraciət etmişik. Bundan başqa sənəd təqdim ediblər, fikrimizcə, bu sənəd saxtadır, onu yoxlamağa vermişik. Dairə Seçki Komissiyasında məsələyə baxılandan sonra bu sənəd haqqında açıqlama veriləcək. Hələ ki araşdırma başa çatmayıb”.
Əvvəlki şikayətin nəticəsinə gəlincə, A.Əlizadə bildirib ki, DSK-nın xəbərdarlığından sonra İ.Ağazadə daha asfalt salmır.
O, qərargahındakı insan sayının azlığına da toxunub: “İqbal Ağazadənin qərargahında hamı maaşla işlədiyinə görə hər kəs işə çıxır. Mənim qərargahımda cəmi 5 nəfər adam var, onlar da daim iş başındadır. Biz qərargaha, bəyəm, kreslo qızdırmağa gedirik?”
NƏRGİZ