21 Oktyabr 2015 17:40
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tural Abbaslı: “Müsavata ən böyük zərbəni Arif Hacılı, Gülağa Aslanlı, Sevinc Hüseynova vurub”

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclası keçirilib. İclasda başqanlığa sabiq namizəd Tural Abbaslının və onun ətrafındakı digər müsavatçıların fəaliyyəti müzakirə edilib.

MNTK sədri Sevinc Hüseynova deyib ki, iclasda Tural Abbaslının və digər müsavatçıların MNTK-nın növbəti iclasına çağırılmaları ilə bağlı qərar qəbul olunub: “Biz Tural Abbaslının “Ağ blok” adlı blok yaratmasının səbəblərini bilmirik. Onların bu addımları partiyanın nüfuzuna zərbə vurur. Kənardan elə görünür ki, onlara Müsavat Partiyasında şərait yaradılmadığına görə bu cür addım atıblar. Bu məsələyə görə cavab verəcəklər. Burada söhbət təkcə Tural Abbaslıdan getmir, onun ətrafında bir neçə müsavatçı var, onlar barəsində də müzakirələr aparılıb, ölçü götürüləcək. Həmin müsavatçılar MNTK-nın növbəti iclasına çağırılacaq və məsələ aydınlaşdırılacaq”.

S.Hüseynova qeyd edib ki, “Ağ Blok” builki seçki prosesini uğursuzluqla davam etdirir: “Hər kəsə bəllidir ki, çox uğursuz seçki işi aparırlar. Cəmi 3 nümayəndənin deputatlığa namizədliyi qeydə alınıb, onlardan ikisi Müsavat Partiyasının üzvüdür. Namizədliklərini irəli sürənlərdən xeyli hissəsi imza toplaya bilmədilər”.

“Ağ Blok”un rəhbəri, hazırda Müsavat rəhbərliyi ilə münasibətləri hamar olmayan Tural Abbaslı məsələyə münasibət bildirib: “Qurultaydan sonra Müsavata ən böyük zərbəni Arif Hacılı, Gülağa Aslanlı, Sevinc Hüseynova vurub. Zamanı gələndə müsavatçılar qarşısında yüz ilin partiyasını bu hala gətirdikləri üçün cavab verəcəklər. İndi zaman dəyişdiyi üçün Müsavatda rəhbərliyə Arif Hacılı və dəstəsi yiyələnib. Odur ki, sadə səs çoxluğu ilə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə siyasət aparırlar. Bu səbəbdən hərəsi bir bəyanat verir. Bu gün Müsavat partiyanın nizamnaməsi çərçivəsində deyil, Arif Hacılının ambissiyaları əsasında idarə edilir. Müsavatın fəaliyyəti Hacılının siyasi hədəflərinin həyata keçməsinə yönəlib. Odur ki, qurultaydan sonra Müsavat ictimaiyyətdə, ziyalıların gözündə və hətta sadə müsavatçılar arasında nüfuzunu itirib. Seçkilərdə bu qədər zəif iştirak edən, son bələdiyyə seçkilərində ümumiyyətlə iştirak edə bilməyən bir partiya illərdir həyatını bu təşkilata sərf edənlər haqqında danışır, onlara hədə-qorxu gəlir. Odur ki, məlum açıqlama gülməlidir.”.

Tural Abbaslı deyib ki, nizamnaməyə görə, onların MNTK-nın iclasına dəvət etmək rəhbərliyin borcudur. Onun sözlərinə görə, məsələləri müzakirəyə çıxarılacaq iclasdan 2 gün əvvəl onlara dəvət göndərilməlidir: “Bizim də vaxtımız olacaqsa, iclasda iştirak edəcəyik. Vaxtımız olmasa, iştirak etməyəcəyik. Buyurub baxsınlar, nə istəyirlər etsinlər. Onsuz da məsələni gündəliyə salan, səs verən, qərar çıxaran və icra edən özləridir. Bunlar artıq partiya idarəçiliyində klassik avtoritar sistem qurmağa daha yaxındırlar”.

“Ağ Blokun” nümayəndəsi hesab edir ki, bu gün Arif Hacılı siyasətini nizamnamə çərçivəsində və obyektiv tənqid edən hər bir şəxs Müsavatdan qovula bilər: “Əmin olun ki, Gülağa Aslanlı sabah Arif Hacılını tənqid edərsə, məsələsi MNTK-da ali savadı olmayan özək sədrlərinin gündəliyinə çıxarılacaq və bu şəxs də qovulacaq. Bu insanlar üçün artıq müqəddəs və mənəvi dəyərlər belə qalmayıb. Biz Arif Hacılının və ətrafının legitimliyini şübhə altına qoymamışıq. Sadəcə onların idarəçilik üslubunu bəyənmirik, avtoritar üsul-idarəyə etiraz edirik. Əgər tənqidə dözməyib, kimisə Müsavatdan çıxarmaq istəyirlərsə, məsələni tezləşdirsinlər. Zatən Hacılıya son qurultayda rəqib olan 3 nəfərdən ikisi partiyadan çıxarılıb. Bircə biz qalmışıq. Bizi də partiyadan çıxarsa, növbəti qurultaya rəqibi olmadan getsin və 99 faiz səslə başqan seçilsin”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər