27 Oktyabr 2015 16:23
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş Həmrəyliyi Partiyası seçkidə iştirak qərarı verdi. Fərd olaraq buna etirazımı bildirsəm də, partiyanın qərarına əməl etmək lazımdır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.

O bildirib ki, səs çoxluğu ilə qəbul olunan qərara hörmət etməyə öyrənib: “Bir tərəf azlıqda qalsa da, barışıb fəaliyyətimizi normal davam etdirməyə alışmışıq. Seçkiyə, əlbəttə, ciddi proses kimi baxırdım, siyasi həyatın növbəti mərhələsi sayıram. VHP seçkidə iştirak qərarı verən gündən bu qərara tərəfdar olmamışam”.

Seçki prosesi ilə maraqlanmadığını deyən R.Manaflı özünü seçkidən uzaq tutduğunu söyləyib: “Seçkiyə proses kimi kənardan baxıb qiymət vermək başqa, partiyanın apardığı seçki kampaniyasında iştirak tamam başqa şeydir”.

Bir çox hallarda partiya qərarlarına qarşı çıxan Rafiq Manaflı partiyadan ayrılmağı düşünmür: “20 ildir bu partiya içərisindəyəm. Siyasətlə məşğul olmağı qarşıma məqsəd kimi qoymamışam. Bu illər içərisində siyasətçi kimi yoğurulmuşam, ictimaiyyət içərisində az-çox tanınıram. Bunlara görə VHP-yə borcluyam. İndi burnumu göyə qaldırıb situasiyadan narazıyam, xudahafiz, deyə bilmərəm. Narazılığım olan məsələlərdə mövqeyimi ortaya qoyub axıradək müdafiə edəcəyəm. Çalışacağam ki, öz mövqeyimə uyğun qərar qəbul olunsun”.

O, partiya qurultayında yeni sədr seçkisi məsələsinə də münasibət bildirib. R.Manaflının fikrincə, VHP-də Sabir Rüstəmxanlı yeganə birləşdirici fiqurdur: “Sabir bəy partiya sədrliyindən çəkilmək qərarı versə, Müsavatın başına gələnlər bizim də başımıza gələ bilər. Bu məsələni Sabir bəylə müzakirə etmişik və çözmüşük, növbəti qurultayda onun namizədliyini irəli sürəcəyik. Başqa namizədlər də ola bilər. Ancaq faktiki olaraq partiyanın əsas namizədi indiki sədrdir. O getsə, bütün komanda partiyadan gedəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər