Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verərək, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.