Müsavat Partiyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə açıq şahmat turniri keçirəcək. Turnirə sabah, dekabrın 5-də saat 12:00-da Müsavatın Mərkəzi Qərargahında start veriləcək. Bu haqda “Basta”ya turnirin təşkilat komitəsinin sədri Yusif Tağı məlumat verib.
Təşkilat Komitəsindən bildirilib ki, yarışın təşkili üçün Azərbaycan Şahmat Federasiyasına da müraciət olunub. Turnirdə Azərbaycan şahmatının görkəmli nümayəndələrindən biri, beynəlxalq dərəcəli hakim Namiq İsmayılov hakimlik edəcək.
Yarışda istiqlalçı millət vəkilləri İsa Qəmbər və İsgəndər Həmidov da iştirak edəcəklər.
Qeyd edək ki, Müsavat Partiyası əvvəlki illərdə də Həmrəylik Günü ərəfəsində açıq şahmat turnirləri təşkil edib, həmrəylik ideyası ilə yanaşı, bu elitar oyunun ölkəmizdə təbliğ olunmasına tövhə verib.