5 Dekabr 2015 20:13
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaranda baş verən hadisələrdən sonra hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış əməliyyat tədbirləri ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

“Dindən dövlətçiliyə qarşı istifadə olunurdu”

Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə deyib ki, dövlət öz daxilində başqa ölkənin dəyərlərinə xidmət edən qrupların fəaliyyətinə icazə verməməlidir. Onun sözlərinə görə, Azərbaycan xalqının ən böyük dəyəri ilk dəfə İslam dünyasında ölkəmizin dünyəvi dövlət modelini tətbiq etməsidir: “Din siyasətdən, dövlətdən məhz bu istiqamətdə ayrılıb. Bizim müqəddəs dinimizdən hansısa siyasi məqsədlər, xüsusilə, xarici ölkələrin fitvası ilə istifadə etmək çox böyük bir təhlükədir. Ona görə də bu proseslərdə ən əsas amil hüququn aliliyinin bərqərar olunmasıdır.

Söhbət təkcə Nardaranda vurulan atributlardan deyil, bunun arxasında duran xarici qüvvələrdən gedir. Bu məsələdə İslam dini Azərbaycan dövlətçiliyinə qarşı siyasi məqsədlərlə istifadə olunurdu".

A.Mollazadə qeyd edib ki, bu hadisələrin təkrar olunmaması üçün mütəmadi ciddi işlər görülməli və nəzarət olmalıdır: “Mənə elə gəlir ki, bu, sadəcə, ilkin addımdır. Bunun ardınca hüququn aliliyini, Azərbaycanın dövlət dairələrini və konstitusyon sistemi müdafiə edən çox ciddi fəaliyyət olmalıdır”.

“Hər hansı radikal qrup tolerant mühiti poza bilməyəcək”

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun sözlərinə görə, Nardarandakı hadisələr göstərdi ki, dini tolerantlıq adı altında ekstremist qüvvələr pərdələnirdi. Onun fikrincə, Azərbaycanda qanunvericilik aktları ilə tənzimlənən mexanizm hər bir ölkə vətəndaşı üçün keçərlidir: “Nardaranda din pərdəsi adı altında ekstremist qüvvələrin törətdiyi iğtişaş, ictimai-siyasi sabitliyi pozma prosesləri Azərbaycanın güclü dövlət quruculuğuna təsir etməyəcək. Birmənalı olaraq gənclər yaxşı bilməlidir ki, Azərbaycanın apardığı dövlət siyasətinin, mövcud ictimai-siyasi sabitliyin qorunmasında yaxından iştirak etməlidirlər. İstər bayraqların asılması, istər fərqli şüarların asılması, dini toplantıların keçirilməsi Azərbaycan qanunvericiliyi ilə birmənalı şəkildə tənzimlənməlidir. Təəssüf olunacaq haldır ki, bəzi gənclər hadisələrin iştirakçısıına çevrildilər. Azərbaycan gəncini müqəddəs dinimizin dəyərələrindən mənfi istiqamətlərdə iştirakına cəhdlər oldu. Amma hesab edirəm ki, bu cəhdlər baş tutmadı və Azərbaycan gəncliyi fikrini dəyişdirməyəcək. Birmənalı şəkildə bilməliyik ki, cənab Prezidentin siyasi iradəsi Azərbaycanda baş verə biləcək hansısa bir iğtişaşa, siyasi sabitliyin pozulmasına qarşı çox ciddi şəkildə dayanıb. Dövlət başçısının tapşırığı ilə Nardaran hadisələri birbaşa nəzarətə götürülüb. Çox sevindirici haldır ki, artıq sabitlik mövcuddur. Bundan sonra Nardarandakı gənclər İslam dini haqqında məlumatları qanunvericiliklə tənzimlənmiş formada əldə edə biləcəklər. Təbii ki, Azərbaycan dünyəvi dövlətdir və ölkə əhalisinin mütləq çoxluğu İslam dininə sitayiş edir. Amma biz bütün dünyaya tolarentlığın, mültikulturalizmin bariz nümunəsini göstərdiyimiz üçün hər hansı radikal qruplar bunu poza bilməyəcəklər”.

“Azərbaycan qanuna uyğun olmayan addımların qarşısını almağa qadirdir”

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, Azərbaycan hər zaman tolerant ölkə olub. Onun sözlərinə görə, uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatlar belə ölkəmizdə hər hansı bir dini problemin olduğunu deyə bilməyiblər: “Ona görə ki, Azərbaycanda demokratiya, insan hüquqlarına hörmət, din və etiqad azadlığına uyğun siyasət həyata keçirilib. Çox təəssüflər olsun ki, bir sıra qüvvələr, xarici ölkələrin kəşfiyyat orqanları mövcud münbit şəraitdən istifadə edərək ölkəmizdə də hər hansı qarışıqlıq törətməyə çalışdılar. Bilirik ki, Konstitusiyamıza görə din dövlətdən ayrıdır. Amma bəzi qüvvələr Konstitusiyanın bu müddəasını nəzərə almadan Azərbaycanda dini dövlət qurmaqla bağlı fəaliyyətə keçdilər və insanlardan istifadə etməyə çalışdılar. Artıq neçə illərdir ki, Nardaranda bəzi proseslər gedirdi. Azərbaycan hakimiyyəti dəfələrlə xəbərdarlıq etmişdi və məsələyə dözümlü münasibət sərgiləyirdi. Lakin onlar Suriyada, İraqda baş verən hadisələrdən ”ilhamlanaraq" Azərbaycanda bir dini dövlət yaratmaq eşqinə düşdülər və bunu reallaşdırmaq üçün terror aktı törətməkdən belə çəkinmədilər. Dövlətimiz vəziyyətin təhlükəliliyini nəzərə alaraq qanun çərçivəsində addımlar atmağa məcbur oldu".

V.Qədirov deyib ki, Ermənistanla müharibə apardığımız bir dövrdə bir sıra insanların ölkədə qarışıqlıq yaratmaq cəhdi Vətənə və dövlətə xəyanətdən başqa bir şey deyil: “Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr dərk etməlidirlər ki, dövlətimiz dözümlülük nümayiş etdirirsə, bu, o demək deyil ki, qanunazidd əməllərə göz yumulacaq. Azərbaycan bu kimi qanuna uyğun olmayan əməllərin, addımların qarşısını almağa qadirdir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər