9 Dekabr 2015 12:39
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Partiyaların böyük əksəriyyəti məntiqə söykənərək fəaliyyət göstərmir"

"Hazırda müxalifət düşərgəsi passiv situasiya içərisindədir. Seçkilərdən sonra yalnız "Azadlıq-2015" seçki blokunda təmsil olunan partiyalar birgə fəaliyyət göstərmək əzmindədir və ciddi müzakirə aparırlar. Bunun kənarında aktiv fəaliyyətdə olan partiyalar və bloklar barədə danışmağa dəyməz".

Bunu Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. O, həmçinin müxalifət düşərgəsində mümkün birliklər barədə danışıb: "Müsavat Partiyası çəkilib bir kənara. Əslində, Müsavat Partiyası bir müddət bizimlə əməkdaşlıq içərisində oldu. Sonra heç bir ciddi əsas olmadan müttəfiqliyinə son verdi, təkbaşına fəaliyyət göstərdi, bəzi QHT-ləri ətrafına toplamağa çalışdı. Odur ki, indi Müsavatla birgə əməkdaşlıq məsələsində bir sıra problemlər və müəmmalar mövcuddur. Hələlik belə bir əməkdaşlıq məsələsi müzakirə mövzusu deyil".

Ə.Oruc xatırladıb ki, Milli Şura adlanan qurum seçkilərdən əvvəl qeyri-normal mövqedən çıxış edib: "Onlar iddia edirdilər ki, guya Azərbaycanda onlardan başqa müxalifət yoxdur. Onlar faktiki olaraq müxalifətin parçalanması xəttini götürdü. İndi Milli Şuranın əvvəlki mövqedə qaldığı və ya səhvlərini anladıqları hələlik bəlli deyil. Odur ki, əgər Milli Şura əvvəlki mövqeyində qalaraq özlərindən savayı heç kimin müxalifət olmadığını iddia edəcəklərsə, deməli, bu qurumla da hər hansı bir əməkdaşlıq barəsində danışmağa dəyməz".

"Azadlıq-2015"-in nümayəndəsi qeyd edib ki, bir zamanlar çox yaxın olan ADP və Ümid Partiyası da onlarla Demokratiya və İnsan Hüquqları Uğrunda Hərəkat formatında əməkdaşlıq ediblər: "Hər iki partiya bu formatda bizimlə birgə idi. Sonradan Müsavat bu qurumu qeyri-müəyyən şəkildə tərk etdi. Sonrakı etapda heç bir prinsipial açıqlama vermədən ADP və Ümid də birlikdən imtina etdi. Bütün bunlar isə anlaşılmaz olaraq qalır. Odur ki, indi birgə əməkdaşlıq və ya siyasi blok qurulması ehtimalı azdır. Çünki Azərbaycanda siyasi partiyaların böyük əksəriyyəti məntiqə söykənərək fəaliyyət göstərmir ki, bundan sonra onlarla müttəfiqliyin məntiqi barədə fikir yürütmək asan olsun".

Əhməd Oruc qeyd edib ki, hazırda əməkdaşlıq içində olan yeddi siyasi partiyanın ümumi mövqeyi belədir ki, müxalifət düşərgəsi proseslərə təsir etmək, fəallaşmaq üçün ümumi fəaliyyətin koordinasiyasını yaratmalıdır: "Buna ehtiyac var. Daha böyük camiyə bu halda birgə addım ata bilər. Lakin yuxarıda adını çəkdiyim partiyaların ümumi mövqeyi bölüşüb-bölüşmədiyi bəlli deyil. Onların özlərinin qrup, şəxsi, korporativ maraqları üzərində siyasət aparacağı bizə bəlli deyil. Bütün bunlar dəqiq aydınlaşandan sonra hansısa fikir söyləmək mümkün olardı. Onlardan fərqli olaraq biz - yeddi partiya ciddi müzakirələr aparırıq. Birgə fəaliyyət və onun əlaqələndirilməsi məsələsində hər hansı problem müşahidə edilmir. Sadəcə olaraq, birgə fəaliyyətin formatı məsələsi müzakirə edilir. Bəzi dostlar əməkdaşlığın dəyirmi masa formatını, bəziləri siyasi bloklaşmaya getmə modelini, bəziləri əməkdaşlıq şurası formatında münasibətlərin saxlanılmasını təklif edir. Böyük ehtimalla bu həftənin sonuna qədər bizim son qərarımız və mövqeyimiz ortada olacaq. Bundan sonra hansı format ətrafında birləşəcəyimiz bəlli olacaq".


Cavidan


Müəllif:

Oxşar xəbərlər