Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqamı çərçivəsində paytaxtın Nardaran qəsəbəsində də xeyli işlər görülüb. Qəsəbənin sosial-mədəni sahələrinin inkişafı üçün bu günə qədər dövlət səviyyəsində görülən işlər təəssüflər olsun ki, arzuolunan nəticələr verməyib.
26 noyabr-1 dekabr aralığında qəsəbədə baş verənlər Nardaranda bir çox problemlərin olduğunu və onların həllinin vacibliyini göstərdi. Nardaranda bir qrup insan qatı radikallıq nümayiş etdirərək dövlətə və onun müvafiq strukturlarına meydan oxumağa cəhdlər göstərməsi dövləti təxirəsalmaz addımlar atmağa vadar etdi. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizləndi, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarıldı.
Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır.
Belə ki, nəqliyyat sistemi yenidən təşkil edildi, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olundu. Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoydu.
Bununla yanaşı, Prezident İlham Əliyevin sərəncamına əsasən, Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, sosial problemlərin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb.
Politoloq Qabil Hüseynli hesab edir ki, Nardaranda dini radikalizmi, xarici qüvvələrin təsiri altına düşmə meylərini aradan qaldırmaq üçün qəsəbənin mədəni və sosial həyatında islahatlar aparmaq qaçılmaz idi: "Araşdırmalar göstərir ki, Nardarandakı problemin kökündə sosial-mədəni problemlər, təhsilin səviyyəsinin aşağılığı durur. Dünyanın sivil prinsiplərinə sadiq olan Azərbaycanda uzun illərdir bu kəndin radikal sakinləri dövlət və ictimaiyyət üçün arzuolunmaz əməllərilə yadda qalıb. Vəziyyət son dərəcə qəbuledilməz idi. Nardaranda yerli icra hakimiyyətinin və bələdiyyənin fəaliyyətinə imkan verilməyib, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına süni maneələr yaradılıb. Azyaşlılar arasında təhsildən yayınma halları artıb, narkomaniya geniş yayılıb. Bəzi gənclər ərəblərin taxirini Azərbaycanın tarixindən daha yaxşı bilirlər. 8-9-cu əsrdə yaşamış ərəblərin əsli-nəslinin kimliyini əzbər bilən Nardaran gəncləri yaxın tariximizi, dövlət qurucularını, dahi şəxsiyyətlərimizi tanımırlar. Bunlar ürəkağrıdan faklardır".
Q.Hüseynli hesab edir ki, prezidentin Nardarana 12 milyon manat ayırması zərurətdən doğub: "Dövlət büdcəsində azalmaların müşahidə olunduğu bir dönəmdə Nardarana bu qədər vəsaitin ayrılması dövlətin bu qəsəbəyə diqqətinin göstəricisidir. Bu, nardaranlılara böyük dəstəkdir. Onlar gərək bu etimadı doğrultsunlar. Cəmi 15 minə yaxın əhalisi olan Nardarana 12 milyon manat ayrılıbsa, deməli hər bir qəsəbə sakini bunun məsuliyyətini dərk etməli və etmidan doğruldulması üçün real addımlar atmalıdırlar. Düşünürəm ki, ilk növbədə Nardaranda təhsil sahəsində ciddi işlər aparılacaq. Orada əlavə olaraq uşaq baxçaları, musiqi, rəssamlıq, idman məktəbləri tikilməlidir. Nardaranın girişində yalnız Azərbaycanın dövlət bayrağı dalğalanmalı, küçələrdə tarixi şəxsiyyətlərimizin kəlamları olmalıdır".
Ayxan