21 Dekabr 2015 19:19
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentləri dekabrın 19-da İsveçrənin Bern şəhərində növbəti görüş keçirdilər. Amerikalı həmsədr Ceyms Uorlik özünün twitter səhifəsində yazıb ki, prezidentlərin bağlı qapılar arxasında görüşü 1 saat çəkib. Onlar əvvəlcə təkbətək formatda bir araya gəliblər. Daha sonra isə həmsədrlər, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşiklə danışıqlar davam etdirilib. Qeyd edək ki, üst-üstə 3 saat çəkən İsveçrə danışıqlarının yekunu olaraq hər hansı yazılı və ya şifahi bəyanat verilməyib. Görüşdən sonra prezidentlərin açıqlaması da olmayıb. Siyasi ekspertlər prezidentlərin görüşünün nəticəsiz olduğu qənaətindədirlər.

Teleqraf.com görüşlə bağlı fikirlərini öyrənmək üçün politoloq Fikrət Sadıxova müraciət edib.


- Açığı, prerzidentlərin Bern görüşündən qeyri-adi nəsə gözləmirdim. Burada başqa nəticə də ola bilməzdi. Biz bilirdik ki, həmsədrlər formal xarakterli görüş keçirirlər. Onlar müxtəlif qərargahlara məruzə etmək üçün bu görüşü təşkil etdilər. Ermənistan əvvəlki mövqeyindən əl çəkmir. Onlar nə beynəlxalq hüquqa hörmət edir, nə də real vəziyyəti nəzərə alırlar. Minsk qrupu və digər beynəlxalq təşkilatlar da Ermənistanın nazı ilə oynayırlar.

- Ermənistan tərəfi təmas xəttindəki insidentlərin araşdırılması təklifilə çıxış edib. Sizcə, bu təklifin arxasında hansı məqamlar durur?
- Ermənistan həm hərbi, həm də ideoloji təxribatlarla məşğuldur. Bütün üsullardan istifadə edib torpaqlara nəzarəti əldə saxlamaq istəyir. Həmçinin görür ki, beynəlxalq təşkilatlar tərəfindən onlara heç bir təzyiq yoxdur. Görürlər ki, Azərbaycanın hərbi qüdrəti artıb, cəbhəboyu ermənilərin təxribatına cavab verilərkən, yeni silahlardan istifadə olunur və onlar hər gün itkilər verir, ona görə də belə bəhanə gətirirlər. Ərazi bütövlüyümüz bütün dünya dövlətləri tərəfindən tanınır, Ermənistanın işğalçı dövlət olduğunu hər kəs bilir, amma heç bir beynəlxalq təşkilat real addım atmaq istəmir.

- Nə üçün həmsədr dövlətlər Ermənistanı işğal altındakı əraziləri boşaltmağa məcbur etmirlər?
- Həmsdərlər tapşırıqla işləyirlər. Onlara hələ yuxarıdan göstəriş gəlməyib. Ermənistan Azərbaycanın 7 rayonunu işğal edib, həmsədrlər bizi barışa, əməkdaşlığa çağırırlar. Özünə hörmət edən normal siyasətçi bunu təklif etməməlidir. Bizim işğalçı Ermənistanla hansı əməkdaşlığımızdan söhbət gedə bilər? Bunlar bunu başa düşmürlərsə, deməli siyasətçi, diplomat deyillər, başa düşürlərsə, deməli işğalçını dəstəkləyirlər.

- Gürcüstan, Ukraynadakı münaqişələrdə işğalçı ilə işğala məruz qalanın adı açıq çəkilir, Azərbaycana gəldikdə isə fərqli mövqe ortaya qoyurlar. Sizcə, burada səbəb nədir?
- Gürcüstan və Ukraynadakı münaqişələrdə qarşıdurma daha çox Qərb və Rusiya arasında gedir. Dağlıq Qarabağ məsələsində isə bu belə deyil. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün biz Ermənistanla danışıqlara getməli, ortaq məxrəcə gəlməliyik. Burada Azərbaycana qarşı qısqanclıq, təzyiq faktorları da, dini amil də var. Gərək aparıcı dövlətlər açıq şəkildə bu cür tərəfkeşlik etməsinlər. Azərbaycanda onlara qarşı inam qalmayıb.

- Son vaxtlar cəbhədə vəziyyətin gərginləşməsini nə ilə izah etmək olar?
- Cəbhədə vəziyyət hər zaman gərgin olub, amma son vaxtlar gərginlik bir az da artıb. Görəndə ki, ermənilər təxribatla məşğuldurlar, atəşkəsi pozurlar, biz onlara daha ağır cavab verməliyik, veririk də. Məndə olan məlumata görə, təmas xəttində modern silahlar, tanklar yerləşdirmişik və onlardan istifadə edirik. Həm Ermənistan, həm də onların arxasında duranlar bilməlidirlər ki, işğalçı erməni ordusu daim bizim hərbi təzyiqlərimizlə üzləşəcək və biz heç vaxt işğalla barışmayacağıq.

- Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından sizin 2016-cı ildən gözləntiləriniz nədən ibarətdir?
- 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından optimist deyiləm. Mən məsələyə real yanaşmağın tərəfdarıyam. Əgər beynəlxalq təşkilatlar 2016-cə ildə də Ermənistanın nazı ilə oynayacaqsa, o zaman münaqişənin dinc yolla həlli mümkünsüz olacaq. Amma iqtisadi və hərbi gücümüzü artırmaqda davam etməliyik. Gec-tez hərbi imkanlardan istifadə edəcəyik.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər