23 Dekabr 2015 12:31
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Milli İstiqlal Partiyasının qurultayı 2016-cı ilə qaldı. Qurultayın vaxtı partiyanın müvafiq seçkili qurumlarının qərarından, həm də ölkədə bundan sonra davam edəcək situasiyadan asılı olacaq”.

Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Onun fikrincə, sədr seçkisi qurultayda gündəlikdə dayanan məsələlərdən biri olsa da, vacib deyil: “Qurultayda əsasən partiyanın növbəti mərhələ üçün fəaliyyət istiqamətləri, Nizamnaməyə olan dəyişikliklər müəyyənləşəcək. Ola bilər elə hal yaşanacaq ki, qurultayı tezləşdirək. Yaxud da qurultayın keçirilməsinə mane olan subyektiv səbəblər meydana çıxa bilər. Ona görə də qurultayın konkret nə zaman keçirilməsi önəmli deyil. Vacib olan odur ki, biz qurultayımızı yüksək səviyyədə keçirək, ölkə və dünya ictimaiyyətinə öz mesajlarımızı ötürək, gələcək mərhələ üçün istiqamətlərimizi dolğun qaydada çatdıra bilək”.

Ə.Orucov qeyd edib ki, partiya işini öz axarı ilə davam etdirir: “Hər hansı problem yoxdur. Sədrin olmaması partiyanın cari fəaliyyətinə o qədər də əhəmiyyətli dərəcədə təsir göstərməyib. Əsas yük katiblik institutunun üzərinə düşür, o da funksiyasını yerinə yetirir”.

Partiya funksionerinin sözlərinə görə, gələn il partiyanın qarşısında çox böyük vəzifələr dayanır: “Vəzifələr sırasında vacib məqam partiyanın qurultayını keçirməkdir. Parlament seçkilərinə görə qurultay təxirə salındı. Beynəlxalq əlaqələrimizi daha da gücləndirmək istəyirik, Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası ilə əməkdaşlıq əlaqələrimiz var, bunu daha da genişləndirmək, partiyanın daxilində təşkilatlanma işini gücləndirmək, partiyalararası münasibətləri daha faydalı əməkdaşlığa çevriləcək səyləri inkişaf etdirmək istəyirik. Təbii ki, bu vəzifələrin öhdəsindən gəlmək üçün partiyanın gücü və imkanları buna qadirdir”.

O qeyd edib ki, keçmiş sədr Yusif Bağırzadənin istefasının yenidən araşdırılmasına ehtiyac duyulmayıb: “Çünki Yusif bəy mediaya göndərdiyi açıqlamasında istefasının səbəblərini açıq şəkildə bildirib, ona görə də əlavə izahat alınmasına lüzum qalmayıb. Partiya onun istefasını qəbul edib və ona sağlıq durumunun tezliklə düzəlməsini, siyasi fəaliyyətini özü bildiyi yöndə davam etdirməsini arzulayırıq.

“Etibar Məmmədovla hazırki situasiya ilə bağlı hər hansı məsləhətləşmə olubmu” sualına Ə.Orucov belə cavab verib: “Partiyanın sədrlik postuna seçkilər qurultayda gizli səsvermə yolu ilə həyata keçirilir. AMİP daxilində demokratiya elə formalaşıb ki, buraya müdaxilə etmək mümkün deyil. Ona görə də partiyanın təkcə sədr seçkisinə deyil, digər seçkili qurumları - Mərkəzi Şuraya, İntizam Komissiyasının tərkibinə heç kəs müdaxilə etmir. Bu, ənənə halını almış demokratik düzəndir, bunun pozulması mümkün deyil. Qaranlıq yaxud həlli çətin olan bir problem yoxdur ki, bununla bağlı Etibar Məmmədov xüsusi qaydada məsləhət versin. Sədr seçkisi ilə bağlı AMİP-də demokratik ənənə var. Bu ənənəni də elə Etibar bəyin özü qoyub. O isə təməlini özü qoyduğu ənənəni poza bilməz”.

Sədrliyə namizədliyini verib-verməyəcəyinə gəlincə, Ə.Orucov deyib ki, qurultayın konkret vaxtı bəlli olmadığından özü daxil olmaqla iddiaya düşə biləcək insanlar hələ iddiasını qoymağa tələsmir: “Hər kəsin içində daxili ambisiyaları olub. İnsanlar ambisiyaları zamanında boğa bilir yaxud ortaya qoyur. Partiyada AMİP sədri postuna sahib dura biləcək təcrübəli kadrlarımız var. Hər halda qurultay nümayəndələri kimi layiq biləcəklərsə, onu sədr seçəcəklər. Özümə gəlincə, hesab edirəm ki, bir əsgər general olmaq istəmirsə, deməli, yaxşı əsgər deyil. AMİP-in sədri olmaq şərəfli işdir. Belə bir iddiaya düşmək özü böyük məsuliyyət tələb edir. Ona görə də həm mən, həm də digər əqidə yoldaşlarım bu posta iddiasını irəli sürməzdən əvvəl bunun fərqində olmalıdır. Ona görə də qərarımı açıqlamağa tələsmirəm”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər