31 Dekabr 2015 10:31
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər sənin imkanın, gəlirin yoxdursa, sən bunu nəyin hesabına edə bilərsən? Bizim indi gəlirlərimiz çox ciddi şəkildə azalıb. 2015-ci ildə heç kim gözləyə bilməzdi ki, neftin qiyməti 3 dəfə aşağı düşəcək.


Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zamanı sakinlərlə görüşündə deyib.

“Son 10 ildə Bakıda, bütün bölgələrdə 500-dən çox səhiyyə müəssisəsi yaradılıb. İndi elə bir rayon yoxdur ki, orada müasir səhiyyə ocağı olmasın. Uşaq bağçalarına böyük ehtiyac var. İndi bizdə əhali artır, bu da çox müsbət haldır. Hər il təxminən 130-140 min körpə dünyaya göz açır. Yəni, uşaq bağçaları problemdir. Çünki yerlər çatmır. Təminat aşağı səviyyədədir. Yeni bağçalar tikilməlidir, ərazi ayrılmalıdır. Yenə də vəsait lazımdır. Ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Ancaq bu məsələləri həll etmək üçün iqtisadi imkan olmalıdır. Əgər sənin imkanın, gəlirin yoxdursa, sən bunu nəyin hesabına edə bilərsən? Bizim indi gəlirlərimiz çox ciddi şəkildə azalıb. 2015-ci ildə heç kim gözləyə bilməzdi ki, neftin qiyməti 3 dəfə aşağı düşəcək. Yəni, bu, o deməkdir ki, bizim gəlirlərimiz 3 dəfə azalıb. Ona görə, indiki şəraitdə biz ancaq və ancaq çox düşünülmüş siyasət, səmərəli iş, yenə də deyirəm, idarəetmə sahəsində aparılan və aparılacaq islahatlar hesabına öz iqtisadi inkişafımızı təmin edə bilərik. Bu, iqtisadiyyat üçün bir stress idi. Əlbəttə, bunun çox böyük mənfi fəsadları var. Amma digər tərəfdən bu, bizim hamımızı daha da səmərəli işə sövq etməlidir. İndi cəmiyyəti, insanları narahat edən xoşagəlməz hallara son qoyulmalıdır. Burada əlbəttə ki, insanlardan çox şey asılıdır. Dövlət siyasəti də aparılır, aparılacaqdır. Elə tədbirlər görülməlidir ki, xoşagəlməz halların meydanı, necə deyərlər, daralsın. Sistem xarakterli islahatlar aparılmalıdır. Məsələn, “ASAN xidmət”, orada 30-a yaxın xidmət göstərilir və heç bir problemsiz, bürokratiyasız, rüşvətsiz. Bir arayışı almaq üçün hansı əzablardan çıxırdıq. İndi yoxdur. Yəni, mümkündür. Hər yerdə, hər sahədə, bütün icra orqanlarında, yerli, mərkəzi, dövlət strukturlarında belə olmalıdır. Dövlət məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər. Amma, eyni zamanda, ictimai nəzarət də güclü olmalıdır. Xalq da siqnal verməlidir, deməlidir, məlumat ötürməlidir ki, bax filan yerdə bu və ya digər çatışmazlıq var. Belə olan halda heç bir problem bizim qarşımızı kəsə bilməz.

Yenə də deyirəm, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq. Ancaq mən tam əminəm ki, Azərbaycan inkişaf edəcək, biz bütün sosial proqramları icra edəcəyik. Bununla bərabər, investisiyalar üçün də bizdə kifayət qədər vəsait olacaqdır. Hesab edirəm ki, gələn ilin əvvəlində biz dövlət büdcəmizə yenidən baxmalıyıq. Dürüstləşmə aparılmalıdır və orada həm insanların sosial təminat məsələləri öz həllini tapacaq, həm investisiya məsələləri ki, biz 2016-cı ildə uğurla inkişaf edək. Bax, bizim vəzifəmiz bundan ibarətdir”, - İ. Əliyev qeyd edib.


Müəllif:

Oxşar xəbərlər