ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti Azərbaycanda ciddi narazılıq doğurmaya başlayıb. Xüsusilə də bir müddət öncə Avropa Şurasında “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin təsdiq edilməməsi üçün Minsk Qrupunun canfəşanlıq etməsi diqqətdən yayınmadı. Qətnamənin qəbul edilməməsi üçün Ermənistanın rəsmi dairələrilə eyni mövqedən çıxış edən həmsədrlərin məlum davranışından sonra ictimaiyyətdə onlara qarşı kövrək inam daha da öləzidi.
Prezident İlham Əliyev gənclərlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həll olunmamasına görə beynəlxalq təşkilatları, o cümlədən ATƏT-in Minsk qrupunu sərt tənqid etdi.
Cənab prezident bildirdi ki, Ermənistan-Azərbaycan müharibəsi dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir: "Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Qaçqınlar və məcburi köçkünlər Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar.
Böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Avropa Şurasında son dinləmələrdə Minsk qrupunun həmsədrləri təzyiq edirdilər ki, bu məsələyə baxılmasın".
Həmsədrlər Azərbaycan cəmiyyətində onlara qarşı etibarın olmamasının fərqinə varmalıdırlar. Əks təqdirdə gələcəkdə Rəsmi Bakı Minsk qrupu ilə əməkdaşlıqdan imtina edə bilər.
Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu hesab edir ki, ərazi bütövlüyünün təmin edilməsi, münaqişənin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir: "Ölkə başçısı 2007-ci ildə "hücum diplomatiyası"nı müəyyənləşdirəndən sonra münaqişənin həllilə bağlı informasiya müharibəsində Azərbaycan böyük üstünlük qazandı. Amma təəssüf ki, Minsk qrupu bu müddət ərzində məhsuldar olmayıb. Prezident haqlı olaraq onların fəaliyyətini tənqid edib. Biz Minsk qrupunun fəaliyyətində onun statusuna aid olmayan, beynəlxalq hüququn prinsiplərinə zidd olan hərəkətlərin şahidi oluruq. Hərdən adamda elə təəssürat yaranır ki, Minsk qrupu münaqişəni həll etməyə yox, status-kvonu saxlamağa çalışır. Yaxud münaqişəni həll edən bitərəf təşkilat yox, Ermənistanın tərəfdaşıdır. Avropa Şurasında “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” və Sərsəng Su Anbarı ilə bağlı məsələlər müzakirə olunmamışdan öncə Minsk qrupunun verdiyi bəyanat onların bu günə qədərki fəaliyyətinin məntiqi nəticəsi kimi qəbul edilməlidir. Cənab prezident gənclərlə görüşündə çox doğru olaraq bəyan etdi ki, bu qurumun fəaliyyəti qənaətbəxş deyil. Təkcə Minsk qrupu deyil, əksər beynəlxalq və regional təşkilatlar öz təyinatlarına uyğun deyil, böyük dövlətlərin maraqlarına söykənən fəaliyyət ortaya qoyurlar. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllində də özünü biruzə verir. Minsk qrupundan bəzi dövlətlərin xarici siyasətində rıçaq kimi istifadə olunması ikili standartlar yaradır".
H.Babaoğlu hesab edir ki, prezident İlham Əliyev gənclərlə görüşündə mövcud beynəlxalq siyasətin mahiyyəti, dünya siyasətini müəyyən edən güclərin xarici siyasəti, onların Azərbaycana qarşı münasibəti və Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı baxışları barədə ətraflı, aydın məlumatlar verdi.
Ayxan