10 İyun 2014 15:46
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi İttifaqın yaradıldığı Astana sammitində baş verənlər Ermənistanı ciddi şəkildə qorxuya salıb.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, erməni ekspert Aram Amatuni ölkəsinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bildirib.

Azərbaycan və Ermənistanın hazırkı durumunu müqayisə edən ekspert iki ölkənin tamamilə fərqli geosiyasi vəziyyətdə olduğunu qeyd edir: “Ermənistan bir sıra məqamlara görə Azərbaycandan fərqlənir. Azərbaycanda zəngin neft və qaz ehtiyatları var. Bu isə Azərbaycana möhkəm və sərbəst mövqe nümayiş etdirmək imkanı verir. Bundan başqa, Azərbaycanın Türkiyə kimi böyük müttəfiqi var. Türkiyə Ermənistanın müttəfiqi Rusiyadan fərqli olaraq müttəfiqlərin satışı və ya onların maraqlarının tapdalanması üzrə ixtisaslaşmayıb”.

Erməni ekspert faktiki olaraq, Ermənistanın özünü siyasi xəritədən silərək Rusiyaya təslim olduğunu deyib. A.Amatuninin sözlərinə görə, Ermənistanın bu mövqeyi regionda Azərbaycanın əhəmiyyətini Qərb üçün artırıb: “Bu da öz növbəsində o deməkdir ki, Bakının manevrləri üçün daha geniş imkan açılıb. Bununla yanaşı, Azərbaycan faktiki olaraq, Qarabağı itirmək təhlükəsi ilə qarşı-qarşıya deyil. Təbii ki, Ermənistandan fərqli olaraq. Bu Bakının daha cəsarətli və müstəqil davranışına əhəmiyyətli dərəcədə təsir edə bilər. Bundan başqa, Azərbaycan Qazaxıstanın timsalında Avrasiya İttifaqında Rusiyaya qarşı olan müttəfiqə malikdir. Ermənistan isə müttəfiqlərə malik deyil. Bütün bunları müqayisə edərək demək olar ki, Azərbaycana təzyiqlər Ermənistanla müqayisədə sadəcə istisna edilir.

Erməni ekspert Avrasiya İttifaqında Ermənistanın qeyri-müəyyən vəziyyətlə qarşılaşdığını bildirir. Onun fikrincə, Avrasiya İttifaqına cəlb edilən Ermənistan, eyni zamanda, qurumun qapısında saxlanılıb. A.Aratuni Azərbaycanın da Avrasiya İttifaqına cəlb edilməsini istisna etmir. Amma erməni ekspert hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev özünü Ermənistan prezidenti Serj Sarkisyan kimi aparmayacaq: “İlham Əliyevin bir çox faktora görə üstünlüyü var. Beləliklə, ehtimal etmək olar ki, Rusiya, sadəcə olaraq, Azərbaycanı inandırmaq üçün onunla danışıqlar aparmağa çalışacaq”.

Erməni ekspert hesab edir ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması da Rusiya üçün müəyyən problem yarada bilər: “Problem ondadır ki, Moskva burada azlıqda qala bilər. Azərbaycan marionetka olmayacaq. İttifaqda Qazaxıstanın mövcudluğu da nəzərə alınarsa, bu tandem Putin üçün başağrı ola bilər. Moskva üçün çox güman ki, Azərbaycanla danışıq prosesi əhəmiyyətlidir. Moskva ilk olaraq Bakı ilə münasibətləri müəyyənləşdirməyə çalışacaq. Bir sözlə, Moskva Bakı ilə birbaşa əlaqələrin köməyi ilə Astana-Bakı tandeminin zəiflədilməsinə nail olmağa çalışacaq. Burada, əlbəttə ki, Ermənistanın heç bir etirazı olmayacaq. Çünki Ermənistanın fikri heç kəsi maraqlandırmır”.

Erməni analitik hesab edir ki, Rusiya ilə danışıqlar prosesi prezident İlham Əliyev üçün də əlverişlidir. “Bakı ikitərəfli oyun haqqında düşünə bilər: Avrasiya İttifaqına daxil olmaq, eyni zamanda, ittifaq daxilində maneələr yaratmaqla bağlı Qərbə söz vermək. Bu həm də Rusiya üçün müəyyən problemlər yaratmaqdır. Eyni zamanda, İlham Əliyev bu vəziyyətində Qarabağ məsələsində şəxsi mövqeyi irəli çəkməkdə davam etməyə çalışacaq”, – A.Amatuni bildirir.

Erməni ekspert bu prosesdə Ermənistanın müşahidəçi rolunda qalacağını bildirir: “İrəvan ümid edəcək ki, İlham Əliyev büdrəyəcək və yaranmış əlverişli situasiyadan istifadə etməyi bacarmayacaq. Burada Ermənistana Türkiyə kömək edə bilər. Türkiyə müttəfiq olaraq Azərbaycan üçün kifayət qədər faydalıdır. Bununla belə, Türkiyə Rusiyanın regional rəqibidir və çox güman ki, Rusiya-Azərbaycan oyunu onda qısqanclıq yaradacaq”.


Müəllif: