"Erməni deputatın gəlişini cəmiyyətdən gizli saxlayıb"
Sabiq Daxili İşlər naziri Rəhim Qazıyev Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbəri ittiham edib. O, verdiyi müsahibədə İsa Qəmbərin nə rəngdə olduğunu müəyyən edə bilmədiyini xüsusilə vurğulayıb.
Bir vaxtlar eyni hökumətdə təmsil olunduğu şəxslərlə düşmən münasibətdə olan R.Qazıyev bəyan edib ki, indi də onun adına çox şeylər deyirlər: "Mən Əbülfəz Elçibəylə hər zaman etika çərçivəsində danışırdım. Doğrudur, bəzən çox məsuliyyətli məsələlərlə bağlı onunla mübahisələrimiz də olurdu, amma onun işinə mən necə müdaxilə eləyə bilərdim. Bir dəfə məni otağına dəvət edib bildirdi ki, bizdə çox dəqiq informasiya var, Gəncədə Sürət Hüseynov tərəfindən çevriliş hazırlanır. Çox sakitcə bildirdim ki, hanı o informasiya, qoyun ortalığa. Əbülfəz bəy təkidlə bildirdi ki, bizdəki informasiya dəqiqdir və sən Sürətin işdən çıxarılması üçün təqdimat yaz. Artıq vəziyyət ciddi məcraya keçdi. Bu məqamda İsa Qəmbər üzünü mənə tutub, "sən ümumiyyətlə, bizimlə işləmək istəyirsənsə, ona təqdimat yazmalısan"- dedi. Cavab verdim ki, bu dəqiqənin özündə sizin əlinizdə mənim istefamla bağlı iki ərizəm var və sən İsa Qəmbər yaxşı bilirsən ki, mən sizinlə işləmək istəmirəm".
R.Qazıyev daha sonra deyib ki, cəbhədə hərbi əməliyyatların getdiyi bir vaxtda İsa Qəmbər erməni deputatla görüşərək müzakirələr aparıb, lakin bunu parlamentin müzakirəsinə təqdim etməyib: "Təsəvvür edin ki, həmin ərəfədə hakimiyyətin faktiki sahibi və de-yure Əbülfəz Elçibəydən sonra ikinci şəxsi olan İsa Qəmbərin yanına Ermənistan parlamentinin deputatı Aşot Belyan gəlir. Erməni deputat 55 deputatın imzası ilə rəsmi müraciət gətirib və bu məsələni Sabir Rüstəmxanlı çox yaxşı bilir. Çünki həmin deputat İsa Qəmbərin yanına onun xətti ilə gəlibmiş. Bütün bunlardan mən sonradan xəbər tutdum, amma erməni deputat həm İsa Qəmbərlə, həm də Əbülfəz Elçibəylə görüşüb. Nə danışıblar, bilmirəm. Günlərin bir günü İsa Qəmbər böyük bir təlaşla zəng vurdu ki, bir erməni deputat gəlib, onu buralarda öldürüb eləməsinlər, sağ-salamat yola sal getsin. Mən də başım çox qarışıq olduğundan heç soruşmadım ki, erməni deputat bura niyə gəlib? Aşot Belyan yanıma gələndə özü söhbət elədi ki, biz müharibə istəmirik və bu məsələni iki xalqın ziyalıları səviyyəsində həll etmək lazımdır. Mən istefaya gedəndən iki ay sonra İsa Qəmbərin şəxsi arxivindən 55 erməni deputatın imzası olan o müraciəti mənə gətirdilər və həmin sənədin orijinalı indi də məndədir. İndi mən soruşuram ki, elə bir məsələ var idisə və bunların əlində 55 erməni deputatın imzaladığı müraciət ola-ola niyə onu müzakirəyə qoymadılar? Axı, o müraciətdə ermənilər deyir ki, biz vuruşmaq istəmirik, gəlin bunu bir yerdə müzakirə edək. İsa Qəmbər belə bir ciddi məsələnin cəmiyyətdən niyə gizlədildiyini izah etməyə borcludu".
CAVİDAN