18 Fevral 2016 10:32
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahir Dərziyev: “Regionda böyük layihələrin həyata keçirilməsi bizi istəməyən qüvvələrin qısqanclığına səbəb olur”

Erməni mediası Gürcüstan-Azərbaycan və Gürcüstan-Türkiyə münasibətlərini pozmaq məqsədilə yeni təfriqələrə başlayıb. Düşmən ölkənin mediası iddia edib ki, Gürcüstan hökuməti guya ölkədə türklərə və azərbaycanlılara daha çox üstünlük verir. Bunun müqabilində erməniləri sıxışdırılır və onların hüquqları pozulur. Erməni mətbuatı bu məlumatları yayarkən Cavaxetiya bölgəsində qatı erməni millətçisi olan və bu bölgəni Gürcüstandan qoparmaq məqsədilə illərdir fəaliyyət göstərən Vaaqn Çaxalyana istinad edir.
Parlamentdəki “Gürcü arzusu” fraksiyasının rəhbəri Georgi Volski fraksiya adından bəyanatı yayaraq bu təxribatçı yanaşmaya kəskin etiraz edib. G.Volski deyib ki, Ermənistan mətbuatı Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyanın heç bir etikaya sığmayan müraciətini yaymaqla böyük səhvə yol verib: “Qatı millətçi olan V.Çaxalyanın bəyanatı birmənalı şəkildə təxribatçı hərəkətdir. Şərqdə baş verən mürəkkəb proseslər zamanı bu cür bəyanatlar Gürcüstanın qonşu ölkələrlə dostluq və iqtisadi əlaqələrini, biznes layihələrini zərbə altına qoyur. İlk növbədə, bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu yolun Gürcüstan ərazisindən keçən böyük bir hissəsi Cavaxetiya bölgəsinə düşür. Nəzərə alsaq ki, iqtisadi önəmi ilə yanaşı, bu dəmir yolu magistralı Şərqlə Qərb arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayan beynəlmiləl bir layihədir, onda belə hərəkətlərə heç bir halda yol vermək olmaz”.

Deputat xüsusilə vurğulayıb ki, Çaxalyanın bugünkü fəaliyyəti gürcü dövlətçiliyinə qarşıdır və eyni zamanda, Gürcüstanda yaşayan etnik azərbaycanlılarla ermənilər arasında münaqişənin yaranmasına xidmət edir: “Bu da müvafiq dövlət strukturlarından bu və digər faktlara dərhal reaksiya verməyi tələb edir. Bizim dövlətimiz bu cür təxribatçı hərəkətlərin qarşısını almağa və regional layihələrin və milli etniklərin təhlükəsizliyini qorumağa qadirdir”.

Hakim partiyadan olan deputat Mahir Dərziyev məsələyə münasibət bildirərək deyib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə çox gözəl dostluq və qonşuluq münasibətləri var: “Biz xüsusilə Azərbaycan ilə strateji tərəfdaşıq. Bu gün bu üç ölkənin birbaşa iştirakı ilə regionda çox mühüm layihələr həyata keçirilir. Bu da təbii ki, bizi istəməyən qüvvələrin qısqanclığına səbəb olur. Çaxalyanın bu cür bəyanatları onun tərəfində olan qüvvələrin daha böyük məqsədlərə hesablanmış addımlarıdır. Qarşıdan parlament seçkiləri gəlir və bəzi qüvvələr bundan öz məqsədləri üçün istifadə edə bilərlər. Digər tərəfdən, bu cür bəyanatlar bəzi qüvvələrin pozuculuq maraqlarına xidmət edir. Amma əminəm ki, Gürcüstanın müvafiq dövlət və hökumət strukturları bu cür bəyanatlara kəskin reaksiya verəcəklər. Çaxalyan və onun kimiləri öz hərəkətlərinə görə layiqli cəzalarını alacaqlar”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər