"Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Gəncə səfərinin təxirə salınmasının yeganə səbəbi Ankarada terror aktının törədilməsi oldu".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Aydın Mirzəzadə bu gün Gəncədə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakıyla Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının keçirilməsi planlaşdırılan beşinci iclasının təxirə salınmasına münasibət bildirərkən qeyd edib.
A.Mirzəzadənin sözlərinə görə,Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası baş tutsaydı həm iştirakçı ölkələr, həm də region üçün çox ciddi məsələlər müzakirə olunacaqdı: "Amma Ankarada dünən baş verən dəhşətli terror və onun ağır nəticələri həmin görüşün təxirə salınmasını vacib hesab edib. Türkiyə prezidentinin Azərbaycan səfərinin təxirə düşməsi cənab Ərdoğanın baş verənlərdən dolayı ölkəsində olmasının vacibliyindən irəli gəlirdi. Bundan başqa Türkiyənin baş naziri Əhməd Davudoğlunun Belçikaya səfəri də təxirə salındı. Son məlumatlara görə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcəkdi və Türkiyə orada bir sıra təkliflərlə çıxış edib, qəti mövqeyini ortaya qoyacaqdı. Təəssüf ki, səfər baş tutmadı".
A.Mirzəzadə qeyd etdi ki, Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə qalır: "Bu ağır günlərdə biz qardaş ölkənin yanındayıq. Bu terror konkret insanlara qarşı deyil, Tükiyənin müstəqilliyinə, regionda və dünyada artan nüfuzuna qarşı hücumdur. Düşmən qüdrətli ölkə ilə açıq üzbəüz gəlməkdən qorxaraq, alçaqcasına dinc əhaliyə qarşı azğın hərəkətini həyata keçirdi. Məqsəd qardaş Türkiyəni müstəqil siyasətinindən əl çəkdirmək, onun parçalanmasına yol açmaq, bu qüdrətli ölkəni kimlərinsə siyasətinin kiçik oyunçusu statusuna endirməkdir. Ancaq miniliklərlə möhtəşəm tarixə malik olan Türkiyəni sındırmaq mümkün olmayacaq, düşəm qüvələri bu dövləti, bu xalqı hələ yaxşı tanımırlar. Bu ağır gündə bütün Azərbaycan, hər birimiz qardaş, dost Türkiyənin yanındayıq, onun acısını bölüşürük, onun öz suverenliyini və kimliyini qorumaq yolunda mübarizəsininin dönməzliyinə inanırıq".
A.Mirzəzadəyə görə, Türkiyə tərəfindən Azərbaycana verilən yüksək qiymətin göstəricisidir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu plandan kənar ölkəmizə səfər etdi: "Prezidentlər səviyyəsində müzakirəsi planlaşdırılan məsələlər xarici işlər nazirləri tərəfindən müzakirə ediləcək. Şübhəsiz ki, hazırkı stiuasiyada çıxış yolları tapılandan sonra əlavə görüşün keçirilməsi məsələsi müzakirə olunacaq".
Ruslan