Bir qrup müxalifət partiyası fevralın 21-də Azərbaycan Demokrat Partiyasının qərargahında tədbir keçirib. Toplantıya Müsavat, AXCP, Milli Şura, Strateji Düşüncə Mərkəzi kimi qurumlar dəvət edilməyib. Bu tədbiri uzun illər ənənəvi müxalifət partiyalarının təsir dairəsində olan nisbətən kiçik siyasi təşkilatlar həyata keçirib.
Sözügedən tədbirdə Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, ADP sədri Sərdar Cəlaloğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ALDP sədri Fuad Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib. Çıxış edənlərin arasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da olub. Xatırladaq ki, Ə.Oruclu hazırda ənənəvi müxalifət partiyaları ilə isti münasibətlərdə deyil.
Toplantı zamanı bəyanat qəbul edilib. Sənəddə qeyd edilir ki, müxalifət düşərgəsində bütün siyasi qüvvələrlə müzakirələrin aparılması məqbul hesab olunur.
“Böhran koalisiyası”nda təmsil olunan “Ağ Blok”un nümayəndəsi Tural Abbaslı bildirib ki, onlar tədbiri baş tutmuş hesab edirlər. Onun sözlərinə görə, 21 fevral tədbiri bir çox parametrlərinə görə fərqlənib: “Ötən tədbirimizlə müqayisədə son tədbirdə iştirak edənlərin sayı 25-30 faiz çox oldu. Bundan başqa, ötən tədbirdə qonaq qismində iştirak edənlərin mütləq əksəriyyəti bu toplantıda təşkilatçı qismində iştirak etdi. Bütün bunlar koalisiyanın genişləndiyini göstərən faktlardır. Üçüncüsü, toplantının atmosferi, ruh yüksəkliyi, çıxışlar və müzakirələr göstərdi ki, son bir ildə müxalifət düşərgəsinin belə enerjili tədbiri olmayıb”.
T.Abbaslı qeyd edib ki, onlar müxalifət düşərgəsində heç kimlə rəqabət aparmır və belə niyyətləri də yoxdur: “Biz, sadəcə olaraq, toplanıb müzakirələr aparır, təkliflər irəli sürürük. Öncədən bəyan etmişik ki, arzusu olan hər kəs bu toplantıların təşkilatçısı qismində iştirak edə bilər. Bununla bağlı hər hansı bir qadağa yoxdur, öncədən şərt irəli sürmürük”.
“Böhran koalisiyası”nın üzvü deyib ki, hər dəfə müxalifətdə toplantı məsələsi ortaya qalxanda AXCP, Müsavat, Milli Şura kimi qurumlar buna fərqli münasibət ifadə edirlər: “Məsələn deyirlər ki, ”bizdən başqası yoxdur", “bizimlə hesablaşın”, “biz olmadığımız tədbir müxalifətin tədbiri ola bilməz” və s. Ancaq bunların hamısı artıq əbəsdir və köhnəlmiş metodlardır. Əgər onların arzusu varsa, gəlib toplantılarda iştirak etsinlər, ortaya mövqe qoysunlar. Və ya bacarırlarsa, belə bir tədbir təşkil etsinlər. Hesab edirəm ki, “Böhran koalisiyası”ndan başqa digər qüvvələr belə tədbir keçirə bilməzlər. Üstəlik bu qüvvələr öz aralarında da nələrisə bölə bilmir və qarşıdurma müstəvisindədirlər".
Sonda T.Abbaslı söyləyib ki, koalisiyanın müxtəlif planları var: “Bizim koalisiya adından Azərbaycan Prezidentinə müraciət qəbul olunub və göndərilib. Gələcək planlarda kütləvi aksiyalar, eləcə də qapalı zallarda daha geniş tədbirlər keçirmək məsələsi var. Lakin mən indi deyə bilmərəm ki, hansı qərarlar qəbul olunacaq. İki gündən sonra ”Böhran koalisiyası"na daxil olan qüvvələrin İşçi Qrupunun toplantısı ALDP qərargahında keçiriləcək. Orada müzakirələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq".
Cavidan