Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının X konfransı keçirilidi
Konfransı açan VHP Gənclər təşkilatının üzvü Fəridə Tağıyeva Konfransa Hazırlıq Üzrə Təşkilat Komitəsinin məlumatını təqdim edərək bildirdi ki, konfransa yerli şöbələrdən 150 nəfər nümayəndə seçilib. Hazırda onlardan 131 nəfəri konfransın işində iştirak edirlər: “Təşkilatı sədrliyinə İsmi Şahzadənin və Tural Hüseynlinin, Məclisi üzvlüyünə 26 və NTK üzvlüyünə isə 4 nəfərin namizədliyi qeydə alınıb”.
VHP Gənclər Təşkilatına sədrlik etmiş Pünhan İmamlı və Nəzarət-Təftiş Qrupunun sədri Pərviz Həsənlinin hesabat-məruzələrindən sonra təbrik üçün qonaqlara söz verildi.
“Azad Gənclik” təşkilatı İdarə Heyətinin üzvü Şəfaqət Məmmədova bildirdi ki, gənclər təşkilatlarının fəaliyyətinin növündən, istiqamətindən, nə qədər aktiv olmasından asılı olmayaraq, birlikdə olmaları, fikir mübadiləsi aparmaları, bir-birilərinin hüquqlarını müdafiə etmələri sevindiricidir. Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas isə VHP GT-nin ölkədə aparılan demokratik mübarizədə ən fəal qurumlardan olduğunu bildirdi. “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ramin Hüseynov VHP gəncləri ilə müttəfiq olduqlarını xatırlatdı: AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Elnur Məcidli də VHP Gəncləri ilə hər zaman çiyin-çiyinə olduqlarını söylədi. “Gənclər Klubu” İctimai Birliyinin təmsilçisi Zaur Əkbər və “Dalğa” Gənclər Hərəkatının sədri Hacı Zeynallının təbrik sözündən sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı çıxış etdi.
S.Rüstəmxanlı partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın müasir, yeni nəslini təmsil edən bütün gəncləri doğma saydığını söylədi: “Atalar və oğullar problemi olsa da, övladlar müəyyən vaxt keçdikdən sonra elə öz atalarına, böyüklərinə oxşayırlar və onlardan qalmış irsin əzablarını çəkə-çəkə şəraiti yaxşılaşdırmağa cəhd göstərirlər. Mən gəncliyimizin bizdən incikliyini başa düşürəm. Çünki onlar bölünmüş, parçalanmış, ərazisinin 20 faizi işğal olunmuş bir Azərbaycanı görürlər. Müstəqil dövlətləri olsa da, onun çoxlu problemləri var”.
Buna baxmayaraq, gənclərin indiki yaşlı nəslin mübarizə yollarına baxmalarını və hansı çətinliklərdən keçdiklərini xatırladan S.Rüstəmxanlı onların başladıqları işi indiki gəncliyin sona çatdıracağına inandığını bildirdi.
Sonra gizlin səsvermə keçirildi və Tural Hüseynli 93 səslə VHP Gənclər Təşkilatının yeni sədri seçildi. Açıq səs vermə nəticəsində Məclis üzvlüyünə isə Tural Hüseynli, İsmi Şahzadə, Vüsal Namiqoğlu, Fəridə Tağıyeva, Günay Əsgərli, Azadə Azad, Eldar Hacıyev, Tural Azad, Vüsal Mehdiyev, İlkin Quliyev, Aqşin Şabanov, Ülvi Məmmədli, Məmməd Yusifli, Əvəz Babayev, İbrahim Quluzadə, Bəhruz Rüstəmxanlı, Nəzrin Yusifova, Kamran Məmmədli, Aysel Kərim, Ziya Quliyev, Nurlan Ağayev, Nəzarət Təftiş Qrupuna isə Nicat Kamal, Aytac Əmralıyeva və Kamil Rüstəmxanlı seçildilər.