“Hökuməti tənqid etmək və böhtan atmaqla irəli getmək mümkün deyil”
“Siyasi partiya yaratmaq üçün kifayət qədər potensial tələb edilir. Bunun üçün sosial baza və elektorat olmalıdır. Təkcə dövlət qeydiyyatından keçmək üçün min nəfərin imzası istənilir. Ola bilsin ki, REAL Hərəkatı virtual aləmdə, sosial şəbəkələrdə 5-10 nəfər toplayıb və aktivlik göstərir. Ancaq siyasi partiyanın yaranması, formalaşması, cəmiyyətdə özünə yer tutması çox uzun və gərgin iş prosesi tələb edir. Bura kifayət qədər potensiallı insanların cəlb edilməsi vacibdir. Bu mənada 3-4 nəfərlə iş öz həllini tapmır”.
Bunu Teleqraf.com-a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Respublikaçı Alternativ (REAL) Hərəkatının siyasi partiyaya çevrilməsi imkanlarını şərh edərkən deyib.
Hakim partiyanın funksioneri hesab etmir ki, REAL Hərəkatı Azərbaycan cəmiyyətində ciddi siyasi təşkilata çevriləcək: “Sadəcə olaraq ictimai təşkilat kimi öz funksiyasından da aşağı funksiyanı yerinə yetirəcək. Çünki bu qurum ictimai təşkilat kimi də ideya, yeni təklif və layihələrlə çıxış edə bilmir. Hökuməti tənqid etmək və böhtan atmaqla irəli getmək mümkün deyil. Çünki cəmiyyət indi tamamilə başqa cəmiyyətdir. Bugünkü cəmiyyətin inkişaf sürəti tələb edir ki, hər gün yenilik olsun. Ənənəvi müxalifət partiyaları dağılır, bu saat dərnək səviyyəsinə gəlib çıxıblar. Bu mənada hesab etmirəm ki, adını qeyd etdiyiniz qurum siyasi partiyaya çevrilsə, hansısa gücə malik ola bilər”.
Siyavuş Novruzov sonda vurğulayıb ki, hakim partiya REAL Hərəkatını nə indi, nə də partiyaya çevrildikdən sonra özünə rəqib hesab etməyəcək: “Onlar heç bizim bir rayon təşkilatına rəqib ola bilməz, nəinki Yeni Azərbaycan Partiyasına”.
Nemət