25 Mart 2016 15:00
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət düşərgəsi uzaqgörənlər və bolşeviklərə bölündüyünü bəyan edir.

Teleqraf.com-un məlumatına görə, artıq neçə gündür ki, müxalifət düşərgəsi Milli Şuranın sədri Cəmil Həsənlinin Maqsud İbrahimbəyovun yas mərasiminə qatılmasını müzakirə edir. Bu müzakirələr zamanı müxalifət düşərgəsinin fərqli partiyalarını təmsil edən gənclər Milli Şura sədrini açıq formada tənqid edir, onun yas mərasiminə qatılmasını pisləyirlər. İş o yerə gəlib ki, Həsənlinin bu addımına görə, Milli Şura adından açıqlama da yayılıb. Lakin bu addım da, müzakirələri dayandırmayıb. Hazırda da sosial şəbəkələrdə mövzu ciddi formada müzakirədən keçir.

Orxan Məmmədli adında gənc fəal hətta bu addımına görə Həsənliyə müəyyən suallar ünvanlayıb, yas mərasiminə niyə getdiyini soruşub. Digər şəxslərdə Orxan Məmmədlini dəstəkləyərək müəyyən ittihamlar irəli sürüblər.

NİDA Vətəndaş Hərəkatının aparıcı simalarından biri olan Zaur Qurbanlı da öz bloqunda Milli Şuranın sədri Cəmil Həsənli haqda tənqidi fikirlər səsləndirib. O, da Cəmil Həsənlini tənqid edib. Müxalifətçi daha sonra ironiya ilə “nə gün-güzərandır bu”, deyə Milli Şura sədrinə sual da ünvanlayıb. NİDA nümayəndəsi hətta Milli Şura sədrinə məsləhət görüb ki, öz əqidəsinə və prinsiplərinə sadiq olmağı öyrənsin.

AXCP üzvü Təzəxan Mirələmli də Milli Şura sədrini tənqid edib: “Cəmil müəllim, siz də qəribə adamsınız. 14 fevral tarixində xəstələnməyə vaxt tapdınız. O vaxt xəstə olmayıb tədbirə getsəydiniz indi bu həngamə qopmazdı”. AXCP üzvünün bu fikirlərini çoxlu sayda cəbhəçi bəyənib və onunla həmfikir olduğunu ifadə ediblər.

AXCP-nin Razi Nurullayev qanadının təmsilçiləri isə iddia edirlər ki, məlum addıma görə, Cəmil Həsənlinin sosial şəbəkələrdə tənqid edilməsi təsadüfi deyil. Onların iddiasına görə, bu tənqid Əli Kərimlidən gəlir. Çünki indiki məqamda Kərimli Milli Şura sədrini zəiflətmək və istefasına nail olmaq istəyir.

Bütün bunların fonunda Milli Şura sədri Cəmil Həsənli isə sosial şəbəkədə “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabını müzakirəyə çıxarıb.

Milli Şura sədri onu tənqid edənlərə də cavab verib. O, Maqsud İbrahimbəyova borcunu qaytardığını yazıb: “Bir neçə il əvvəl mənim oğlum avtomobil qəzasında həlak olanda rəhmətlik iki dəfə gəlib bizim hüzr məclisində iştirak etmişdi. Azərbaycan şəraitində xeyir-şərin borc olduğunu yəqin ki, bilirsiniz”.

Müsavat.com qeyd edib ki, Cəmil Həsənli onu tənqid edənləri bolşevizmdə günahlandırıb. Əgər Həsənlini tənqid edənlərə sifarişin Əli Kərimlidən gəldiyi versiyası doğrudursa, Milli Şura sədrinin kimə bolşevik deməsi də prinsipcə aydın olur.

Bununla belə Milli Şura üzvlərindən Rafiq Manaflı, Qurban Məmmədov və digərləri C. Həsənlini məlum addımına görə müdafiə edib. Sosial şəbəkələrdə aparılan müzakirələr göstərir ki, hazırda Milli Şura simasında müxalifətin müəyyən hissəsi barədə təsnifatlaşdırma aparmaq mümkündür. Bunlardan biri uzaqgörənlər, digəri isə bolşevizmə meyl edənlərdir.

Cahid


Müəllif:

Oxşar xəbərlər