Müxalif partiyaların birləşdiyi iki qurum mitinq keçirəcəklərini bildirib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Teleqraf.com-a açıqlamasında deyib ki, təmsil olunduğu qurum aksiyalar keçirəcək.
Onun sözlərinə görə, təşkilatda mitinq barədə müzakirələr aparılır və yaxın zamanda Milli Şuranın qərarı elan ediləcək: “Qanun çərçivəsində icazəli mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Əgər aksiya keçirmək üçün “Məhsul” stadionu tövsiyə ediləcəksə, Milli Şuranın həmin məkanda mitinq keçirməyə razı olacaq”.
Martın 30-da isə 10-a yaxın siyasi partiyanın təsis etdiyi Anti-böhran Koalisiyasının toplantısı keçirilib. Toplantıda bir sıra məsələlərlə yanaşı mitinq mövzusu da müzakirə edilib. Hələ martın əvvəlində Koalisiya Mitinq Komitəsi yaradıb. Dünənki toplantıda isə Mitinq Komitəsinə işlərini aktivləşdirmək barədə göstəriş verilib.
Müşahidələr göstərir ki, yaxın dövrdə həm Milli Şura, həm də Anti-böhran Koalisiyası aksiyalar keçirmək haqda qərar verəcək.
Mitinq mövzusunun Müsavat Partiyasının da gündəminə gətirildiyi bəllidir. Hələlik Müsavat bununla bağlı konkret müzakirələrə başlamayıb. Ancaq görünən budur ki, yaxın dövrdə Milli Şura, Müsavat və Anti-böhran Koalisiyası arasında mitinq yarışmasına start veriləcək.
Onu da, xatırladaq ki, müxalif düşərgənin son illər təşkil etdiyi ən təsirli mitinqlər 2013-cü ildə olub. Bu mitinqlərə maksimum 2-3 min insan qatılıb. İndiki mərhələdə keçiriləcək mitinqlərə bu qədər insanın qatılacağı isə şübhə altındadır. Çünki 2013-cü illə müqayisədə müxalif düşərgə 3 dəfə parçalanma yaşayıb.
Cavid