Gürcüstanın sabiq prezidenti (2004-2013), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə aprelin 27-də Bakıya gələcək.
Diassporla İş üzrə Dövlət Komistəsindən Teleqraf.com-a verilən məlumata görə, bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri olacaq.
Mixail Saakaşvilinin Forum çərçivəsində “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunun müzakirə ediləcəyi sessiyada çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, M. Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunda da iştirak edib. O zaman gürcü siyasətçi Gürcüstan prezidenti olaraq Foruma qatılmışdı.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir.