Avropa Azərbaycanlıları Konqresi Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar Almaniya kansleri Angela Merkele məktub ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan məktubda AAK Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
Etiraz məktubunda qeyd edilib ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün təxribat aktları ilə çıxış ediblər. Bu təxribat nəticəsində Azərbaycanın dinc əhalisindən ölən və yaralananlar olub, xeyli sayda ailələrin əmlakına ziyan dəyib.
Daha sonra məktubda Dağlıq Qarabağ münaqişəsinə dair tarixi və statistik məlumat verilərək, bu münaqişənin həll edilməsinin bütün regionun inkişafı üçün əhəmiyyətli olacağı qeyd edilib.
Məktubda A.Merkelin dünyəvi dövlət başçısı, tolerant şəxsiyyət olduğu qeyd olunub, onun mürəkkəb böhran nöqtələrində nümayiş etdirdiyi prinsipal mövqe yüksək dəyərləndirilib. Eyni zamanda Merkelə açıq sual ünvanlanıb: “Bəs niyə azərbaycanlılar müstəsnadır? Niyə azərbaycanlıların taleyinə biganəsiz?” Məktubda qeyd edilib ki, Ermənistan işğalçılıq siyasətini dayandırmalı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməlidir.
AAK A.Merkelə Avropada yaşayan azərbaycanlıların adından Azərbaycanın ərazi bütövlüyü məsələsində ədalətli münasibət tələb edib.
Səxavət