7 Aprel 2016 20:52
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Minsk qrupunu tanımamalıdır”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Teleqraf.com-un suallarını cavablandırıb:

- Dünən Ağ Evin rəsmi saytında Sizin imzanızla petisiya yerləşdirilib. Petisiya ilə bağlı ictimaiyyət nümayəndələrindən gözləntiləriniz nədir?

- Rəhbərlik etdiyim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası AŞPA-nın 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamənin müddəalarını əsas tutaraq Obama Administrasiyasına müraciət qəbul edib. Bu müraciət artıq dünən Ağ Evin saytında yerləşdirilib. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, burada təkcə ölkəmizin rəsmi mövqeyindən çıxış etmirik, Avropa Şurası Parlament Assambleyasına üzv olan 46 ölkə parlamentarilərinin səs verdiyi qətnamənin iradəsini ifadə edirik. Yəni bu, Azərbaycanın öz istəyi deyil. Petisiyada açıq-aydın Obama Administrasiyasına xatırladırıq ki, Ermənistan dövləti öz Silahlı Qüvvələri ilə torpaqlarımızı işğal edib və işğal altında saxlayır. Ermənistan dövləti sudan silah kimi istifadə edib ekoloji təcavüz törədir. Hər hansı baş verə biləcək humanitar fəlakətin cavabdehliyi birbaşa Ermənistan dövlətinin üzərinə qoyulub. Buna görə də Obama Administrasiyasını Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsinə və AŞPA-nın 2085 saylı qətnaməsinə dəstək verməyə çağırırıq. Bu, önəmli sənəddir. Dünən petisiyanı yerləşdirmişik. Artıq Azərbaycan xalqının mütəşəkkilliyini gördük. İnsanların vətən sevgisinin şahidi olduq, torpaqlarımızın erməni tapdağı altından xilası üçün həyəcanlı səsini eşitdik. Səhər saatlarında təhlil etdik, gördük ki, 8 mindən artıq insan bu petisiyaya səs verib. Bütün Azərbaycan xalqını, sülhsevər bəşəriyyəti, müsəlman dünyasını, türk qardaşlarımı fəal olmağa səsləyirəm. AVCİYA nümayəndələri Türkiyədə 2 həftədir təbliğat kampaniyası aparır. Ağlasığmaz dərəcədə türk qardaş və bacılarımız bu petisiyaya qoşulacaq. Hamını ürək yanğısı ilə Ermənistanın işğalçı siyasətini dünyada ifşa etmək üçün səs verməyə çağırıram.

- Təmas xəttində baş verən gərginliklə bağlı beynəlxalq qurumların rəhbər şəxsləri bəyanat verdilər. AŞPA Prezidenti Pedro Aqramunt AŞPA-nın nizamnaməsinə və qurumun Qarabağla bağlı qəbul etdiyi qətnaməsinə əsaslanan çağırış etdi. AŞPA-nın istər baş katibi, istərsə də ayrı-ayrı məruzəçiləri atəşkəsi dayandırmaq bəyanatı ilə kifayətləndilər. Bu fikir ayrılığı nədən irəli gəlir?
- Pedro Aqramunt AŞPA prezidentidir, o, AŞPA qətnaməsinə hörmət etməlidir. Bu, onun vəzifəsidir. O, ədalətli mövqe sərgilədi. Erməni deputatlar isə əxlaqsızlıq edib ona təzyiq göstərirlər. Mətbuatda çıxış edib Pedro Aqramuntu təhqir edir, ünvanına əxlaqsız ifadələr işlədirlər. İspaniya mətbuatına nəzər yetirin, adam dəhşətə gəlir. Məruzəçi və ayrı-ayrı deputatların bir qismi ermənilərdən qorxub, çəkinir deyə mövqe bildirmir.

- Aprelin 1-dən etibarən Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurma nəticəsində bir neçə zirvənin işğaldan azad edilməsi xəbəri cəmiyyətdə ruh yüksəkliyi yaratdı. Lakin ötən gün atəşkəs elan edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. 23 ildən sonra ilk dəfə irəliləməyi bacarmış Azərbaycan Ordusuna atəşkəs əmrinin verilməsi nədən qaynaqlanır?
- Son günlərdə ordumuz böyük cəsarət göstərdi, Azərbaycan Prezidenti böyük iradə nümayiş etdirdi. Biz kiçik ölkəyik. Okeanlarda, dənizlərdə böyük balıqlar kiçik balıqları udur. Bütün dünya ilə vuruşa bilmərik. Şübhəsiz ki, onlar Azərbaycana təzyiq edirlər, ölkəmizin bu təzyiqlərin qarşısında durması olduqca mürəkkəb məsələdir. Bundan qətiyyən məyus olmamalıyıq. Sülh yolu demirlərmi? Bu da sülh yolunun biridir. ABŞ konqresmenləri, senatorları Azərbaycan rəsmilərinə ittihamlar yağdırırdılar ki, biz guya erməniləri qırırıq. ABŞ prezidenti, Konqresi və Administrasiyası bu məsələyə öz münasibətini bildirməlidir. Ermənistanın işğalçı olmasını dünyaya bərqərar etməliyik. Hesab edirəm ki, ideoloji və siyasi müharibə aparmaq heç də ordunun gördüyü işdən az deyil.

- ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Azərbaycana gəldi, amma verdikləri bəyanat yenə də cəmiyyəti qane etmir. Belə fikirlər səslənir ki, Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidir. Sizin bu məsələdə mövqeyiniz nədən ibarətdir?
- Hesab edirəm ki, Azərbaycan Minsk qrupunu, ümumiyyətlə, tanımamalıdır. 23 ildə yalan danışan, Azərbaycan xalqının başını aldadan, beynəlxalq aləmdə fırıldaqçılıqla məşğul olan bu qurumun heç bir əhəmiyyəti yoxdur. Onlar yenə də Azərbaycana təzyiq edəcəklər. Biz onları ifşa etməli, siyasi və ideoloji mübarizəmiz davam etməlidir. Bunu qorxmadan, çəkinmədən deməliyik. Deyirlər problem danışıqlar yolu ilə həll edilməlidir. Hansı danışıqlar? Konkret təklifiniz nədir? Bu təklifi onlardan tələb etməliyik. Vaxt gözləmir. Azərbaycan xalqının səbri artıq tükənib. Aprelin 1-dən 5-dək davam edən proseslər də bunu bir daha göstərdi.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər