8 Aprel 2016 19:17
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Türkiyə Xarici İşlər Nazirliyi və Atatürk Araşdırma Mərkəzinin birgə təşkil etdiyi, Türkiyə, Azərbaycan, Almaniya, Hollandiya, Rumıniya, Rusiya, İspaniya, Portuqaliya və başqa ölkələrdən görkəmli tarixçilərin iştirak etdiyi “Diplomatiya və xarici siyasət məsələlərinin araşdırılmasında arxivlərin rolu” adlı beynəlxalq elmi simpozium keçirilib.

Teleqraf.com xəbər verir ki, simpoziumda ölkəmizdən professor, millət vəkili Musa Qasımlı “SSRİ-nin Ankaradakı səfiri Suritsin 1923-cü ildə mərkəzə göndərdiyi məktublarında Türkiyənin xarici siyasət məsələləri” mövzusunda məruzə edib.

İlk mənbələr əsasında hazırlanmış və böyük maraq doğuran məruzədə 1923-cü il Lozan konfransında SSRİ və Türkiyə arasında münasibətlərdə soyuqluq yarandıqdan sonra sovet hökumətini narahat edən Türkiyənin xarici siyasətinin necə olacağı, Antanta ölkələri ilə yaxınlaşaraq Azərbaycan nefti üçün təhlükə yaradıb-yaratmayacağı, azərbaycanlı antisovet qüvvələrə yardım edib-etmədiyi, Ankaranın bu ölkələrlə yaxınlaşmasının qarşısını almaq üçün sovet dövlətinin iqtisadi, siyasi və diplomatik sahələrdə hansı tədbirlər ala bilməsinin mümkünlüyü, Suritsin Türkiyə Böyük Millət Məclisinin İnformasiya idarəsinin rəisi Əhməd bəy Ağayevlə keçirdiyi görüşlərinə dair məlumatlar və başqa məsələlər təhlil edilib: “Sovet səfiri yazırdı ki, SSRİ-yə güclü Türkiyə lazımdır, Türkiyənin zəifləməsi Antanta ölkələrini Bakı neftinə yaxınlaşdıra və Moskva üçün təhlükə yarada bilər. Eyni zamanda səfir qeyd edirdi ki, Türkiyə sovetlərə qarşı heç bir düşmənçilik siyasəti yürütmür, mürəkkəb beynəlxalq şəraitdə çevik siyasət aparır”.

Məruzədə İrəvandakı Türkiyə səfirliyinə Ermənistan təhlükəsizlik əməkdaşlarının hücumunun sovet-türk münasibətlərini pozmağa yönəldiyinə və bu hadisənin türk ictimai rəyinə necə təsir etməsinə dair sovet səfirinin fikiləri də analiz edilib. M.Qasımlı deyib ki, yaranmış soyuqluğa baxmayaraq, iki ölkə qarşılıqlı maraqları əsas götürüblər, nəticədə, 1925-ci ilin dekabrın 17-də Parisdə hücum etməmək və bitərətlik haqqında pakt imzalayıblar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər