Aprelin 8-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Nyu-Cersi ştatından seçilmiş demokrat konqresmen Donald Peyn Ermənistanın Azərbaycana qarşı hərbi fəaliyyətlərini tənqid edən bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Peyn bəyanatında Azərbaycanın birtərəfli qaydada atəşkəs təklifi irəli sürməsini alqışladığını bildirib.
O, buna baxmayaraq Azərbaycan tərəfinin bu təklifindən sonra Ermənistanın hərbi əməliyyatlarını daha bir gün davam etdirdiyini vurğulayıb.
Bəyanatda, həmçinin atəşkəs rejiminə riayət etməsi və yenidən hərbi aqressiyaya əl atmaması ilə bağlı Ermənistana çağırış əks olunub. Sonda konqresmen faciələr yaradan bu münaqişənin birdəfəlik həll edilməsinin zamanının çoxdan yetişməsini və bütün Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasının vacibliyini qeyd edib.