12 Aprel 2016 22:16
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-5-də cəbhə xəttində baş verən hadisələr Ermənistanın daxili siyasətinə kəskin təsir edib. Bunu Ermənistan prezidenti Serj Sərkisyanın hadisələrdən dərhal sonra daxili siyasətdə apardığı xətt göstərir. Erməni mediasının xəbərinə görə, Serj Sərkisyan sabiq prezident Levon Ter-Petrosyanın evinə gedərək onunla müzakirələr aparıb.

Bu müzakirələr cəbhədə baş verən hadisələri, Qarabağ münaqişəsinə dair danışıqları özündə ehtiva edib.
Həmçinin prezident vaxtilə devirdiyi Levon Ter-Petrosyandan onu dəstəkləməyi və indiki həssas məqamda müxalifətdə olan tərəfdarlarını sakitləşdirməsini istəyib.

Ancaq maraqlıdır ki, Sərkisyan digər sabiq prezident Robert Köçəryanla görüşə bilməyib. Buna səbəb Köçəryanın görüşdən imtina etməsi olub.

Köçəryan erməni mətbuatına deyib ki, hazırda əsas məsələ ordunun müasir silahlarla təmin olunması, eləcə də strateji kadrların döyüş hazırlığını yüksəltməkdir.

Görünən budur ki, Ermənistanın daxili siyasətində indi ən mürəkkəb və həssas mərhələdir. Sərkisyan bu mərhələdə hakimiyyətini itirməkdən çəkinir və hesab edir ki, rəqibləri onun indiki zəif mövqeyindən istifadə edərək hakimiyyətinə nöqtə qoya bilər.

Onu da, xatırladaq ki, Sərkisyanın prezidentlik müddəti başa çatsa da, bu şəxs hakimiyyətdən getmək istəmir. Məhz bu səbəbdən referendum keçirərək Ermənistanı parlamentli respublika quruluşuna keçirib. Məqsəd isə gələcəkdə baş nazir olmaqla hakimiyyətdə qalmasını təmin etməkdir. Lakin ona qarşı ciddi müxalifət cəbhəsinin yaranması bu siyasi gedişin üzərindən xətt çəkə bilər.

Qeyd edək ki, hələ aprelin 3-də Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev bildirmişdi ki, cəbhədə vəziyyət bir müddət kəskin olsa və Azərbaycan ordusu irəliləməkdə davam etsə, Sərkisyan hakimiyyətini itirə bilər. O vurğulamışdı ki, cəbhədə baş verən qarşıdurma, Azərbaycan ordusunun uğurlu addımları erməni daxili siyasətinə təsirsiz ötüşməyəcək.

Filosof Əli Abbasov da bildirmişdi ki, hadisələr hökmən Ermənistanın daxilinə təsir göstərəcək və prezident Sərkisyan nüfuzunu itirəcək. İndi Sərkisyanın özündən əvvəlki prezidentlərlə görüşmək üçün atdığı addımlar bu deyilənlərin təsdiqi kimi də yozula bilər. Çünki hazırda erməni cəmiyyətində Sərkisyana iki əsas rəqib var. Bunlardan biri Qərb meyilli Levon Ter-Petrosyan, digəri Rusiya meyilli Robert Köçəryandır.

“Ter-Petrosyan bilirdi ki, ermənilərin tutduğu siyasi xətt ölkəni məğlubiyyətə və səfalətə aparır”

Ermənistanın daxili siyasi vəziyyətinin indiki kövrək durumunda Serj Sərkisyanın atdığı addımları Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi, millət vəkili Rövşən Rzayev də hakimiyyətin itirilməsi qorxusu ilə əlaqələndirir.

Millət vəkilinin qənaətincə, son hadisələr göstərir ki, Ermənistan bizdən üstün deyil. Bu baxımdan onlar problemi həll etmək üçün yollar axtarır: “Bu yollardan biri də vaxtilə Levon Ter-Petrosyanın irəli sürdüyü xətt idi. Ter-Petrosyan bilirdi ki, ermənilərin tutduğu siyasi xətt ölkəni məğlubiyyətə və səfalətə aparır. Odur ki, xalqını bu yoldan xilas etmək istəyirdi.

Lakin Serj Sərkisyan və Robert Köçəryan onu satqın elan edərək dövlət çevrilişi həyata keçirdilər. Ondan sonra qət edilən yol Ermənistanı daha da geriyə apardı. İndi Ermənistan tərəfi Ter-Petrosyanın təklif və güzəştlər haqqında fikirlərinə qayıdır və məsələni gözdən keçirir. Sərkisyan səhra komandiri düşüncəsində olan insandır. Onun siyasi təcrübəsi çatmır ki, bu məsələləri həll etsin. Digər tərəfdən, erməni anaları ona deyir ki, nə üçün onların övladları Qarabağda ölməlidir. Bütün bunlar Sərkisyanı vadar edir ki, alternativ variantlar axtarsın. Hazırda erməni cəmiyyəti çaxnaşma içindədir”.

“Sərkisyan bilir ki, məhkəmə qarşısına çıxarıla bilər”

R.Rzayev deyir ki, son hadisələr Sərkisyanın hakimiyyəti itirəcəyi siqnalını da verir: “Sərkisyan bunu dəqiq bilir və həm də aydındır ki, hakimiyyətdən getdikdən sonra məhkəmə qarşısına çıxarıla bilər. Odur ki, bütün imkanlarını işə salaraq çıxış yolu tapmaq istəyir. Təbii ki, bu halda hakimiyyətini qoruyacağını düşünür”.
Deputat hesab edir ki, Sərkisyanın Levon Ter-Petrosyanla görüşüb müzakirələr aparması fonunda Robert Köçəryanın imtina etməsi də maraqlı siyasi mənzərə yaradır: “Əslində, Sərkisyana hakimiyyəti Köçəryan ötürüb. Bu iki şəxs vaxtilə birlikdə Ter-Petrosyanı deviriblər və İrəvanda Qarabağ ermənilərinin hakimiyyət piramidasını qurublar. Lakin indi müşahidə olunanlar göstərir ki, Sərkisyan və Köçəryan arasında dərin uçurumlar mövcuddur və onlar düşmən şəxslərdir. Hakimiyyətə bir gəldilər, sonradan Sərkisyan satqınlıq etdi. İndi belə mənzərə ortaya çıxıb”.

Sonda müsahibimiz qeyd edib ki, erməni cəmiyyətində Sərkisyanın bir siyasi xadim kimi heç zaman nüfuzu olmayıb və bundan sonra da olmayacaq: “Hesab edirəm ki, indi Sərkisyanın hakimiyyəti itirmək ehtimalı çox yüksəkdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər