16 Aprel 2016 12:50
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, Prezident İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Sonra iclasda 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan mayın 19-u saat 18.00-dək başa çatmalıdır.

Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına mayın 26-da başlanacaq, 17 iyun saat 8.00-da dayandırılacaq.

MSK tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi mayın 29-dək davam edəcək və MSK iyunun 8-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək.

Təqvim Planı səsverməyə çıxarılaraq təsdiq edilib. MSK iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə MSK-nın nəzdində İşçi Qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi barədə də qərar qəbul edib.

İclasda 90 saylı Ağdaş Seçki Dairəsi Dairə Seçki Komissiyasının tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. MSK 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının yeni tərkibini təsdiqləyib.

Naibə QURBANOVA


Müəllif: