AŞPA-nın yaz sessiyasında Avropa Komissiyasının sədri Jan-Klod Yunker çıxış edib.
Teleqraf.com AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, çıxışdan sonra müxtəlif ölkələri təmsil edən deputatlar Avropa Komissiyasının rəhbərinə suallar ünvanlayıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual verib: “Ermənistan Azərbaycan torpağını işğal edib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün var. Yüzlərlə məcburi köçkünün olması Cənubi Qafqazda gərginlik yaradır. Bilirsiniz ki, bu bölgədə çox ciddi enerji layihələri həyata keçirilir. Qarabağ münaqişəsinin həll olunmaması, təkcə Cənubi Qafqazı yox, həm də Avropanı təhdid edir. Cənab Jan-Klod Yunker, Siz Dağlıq Qarabağ məsələsinin həllində nə kimi çözüm görürsünüz? Münaqişənin həllini gözləyən məcburi köçkünlərə nə kimi mesaj vermək istəyərsiniz?”
Avropa Komissiyasının sədri 3 deputatın verdiyi suallara qısa zamanda cavab geniş verə bilməyəcəyini deyib: “Mən hər suala qısa cavab versəm, deputatlar məni tənqid edəcək ki, niyə mənim sualımdan yan keçdiniz. Qısaca sualınıza belə cavab verə bilərəm. Yeganə cavabım budur: atəşkəsə riayət olunmalıdır. Fikrimcə, tərəfləri müzakirə masasına oturtsaq, nəticə ala bilərik”.
Nərgiz