29 Aprel 2016 14:43
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maltanın xarici işlər naziri Corc Vella Azərbaycana rəsmi səfərə gəlib.

Teleqraf.com-un məlumatına görə, maltalı nazir Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşün yekunlarına dair nazirlərin birgə mətbuat konfransı keçirilib.

E.Məmmədyarov bildirib ki, görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunub: “Malta 2017-ci ildə Avropa İttifaqına sədrlik edəcək. Biz əvvəlcə təkbətək, sonra geniş tərkibdə müzakirə apardıq. Beynəlxal və regional vəziyyəti müzakirə etdik. Avropanın üzləşdiyi miqrant böhranı məsələlərinə toxunuldu”

Nazir bildirib ki, görüşün yekunlarına dair 3 sənəd imzalanıb: "Bunlar gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması, gənclər və idman sahəsində əməkdaşlıq və iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumudur”.

E.Məmmədyarov SOCAR-ın Malta ilə geniş əməkdaşlıq etidiyini vurğulayıb: “Maltada böyük maraqlarımız var. Gələcəkdə Maltada qaz sahəsində əməkdaşlığı genişləndirə bilərik”.

Maltalı nazir qeyd edib ki, onun səfəri ölkə prezidentinin Bakıda keçirilın forumda iştirakından dərhal sonraya təsadüf edir: “Malta prezindeti Bakıdan böyük təəssüratla ayrılıb. Bu gün konkret sənədlər imzalandı. Növbəti illərdə sərmayələrin, investisiyaların yatırılması sahəsində əməkdaşlıq ediləcək. Ötən il bizim ölkəmizdə 3,5 faiz iqtisadi artım olub.

Avropa İttifaqında ən aşağı işsizlik Maltadadır. Maltada böyük sayda ənənəvi tarixi yerlər var ki, turistlər onları görə bilərlər. Bizim ölkəmizdə də uzun müddət qeyri-sabitlik mövcud olub. Lakin Azərbaycanla Malta arasındakı uzun məsafə o demək deyil ki, burada baş verənlər bizim üçün maraqlı deyil”.

Nazir qeyd edib ki, onun ölkəsi gələn il Avropa İttifaqı Şurasında sədrlik edərkən həmin bu ruhda öhdəliklərini icra edəcək: “Biz istərdik ki, vaxtaşırı regionda baş verənlərlə bağlı məlumat alaq. Aİ ilə Azərbaycan arasında əməkdaşlığı irəli aparaq. Böyük ümidlə Azərbaycanı Avropa İttifaqının Brüssel sammitində gözləyəcəyik. Azərbaycanda keçirdiyim görüşlərdə viza sadələşdirilməsi məsələsi müzakirə olunub. Biz hesab edirik ki, sadə insanlar arasındakı münasibətlər əhəmiyyətlidir”.

Nazir azərbaycanlı həmkarının cəbhədəki son durumla bağlı onu məlumatlandırdığını vurğulayıb: “Bu məsələ ilə bağlı mənə ətraflı məlumat verildi. Biz baş verənlərdən narahatıq. Davamlı sülh yolu ilə münaqişənin həllini dəstəkləyirik. Burada vətəndaş cəmiyyətinin rolunu qeyd etmək istərdim. Çox şadam ki, Azərbaycan Avropa İttifaqına doğru mümkün qədər yaxın addımlarla addımlayır”.

C.Vella Aİ Şurasına sədrlik zamanı səsləndirdiyi məqamlara, habelə Avropa Qonşuluq Siyasətinə xüsusi diqqət yetirəcəklərini qeyd edb: “Niderland, Slovakiya və Malta sənəd ortaya qoyublar ki, onların Aİ-də rəhbərliyi zamanı siyasəti daha praktik olmalı və xüsusi diqqət ölkələrin spesifikliyinə yönəldilməlidir. Hər bir konkret ölkəyə uyğun plan olacaq. Hər bir ölkə götürdüyü öhdəliklərə riayət etməldir. Tələblər yerinə yetirildikdən sonra viza rejiminin sadələşdirilməsi məsələsinə keçə bilərik. Hazırda strateji tərəfdaşlıq haqqında da müzakirələr gedir”.

Maltalı nazir jurnalistlərin suallarına cavab olaraq atəşkəs rejiminin pozulmasını qınadıqlarını bildirib: “Problemlər qarşılıqlı hörmət, danışıqlar yolu ilə həll olunmalıdır. Atəş açılması sözsüz ki, həll yolu deyil”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər