2 May 2016 17:04
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elxan Şahinoğlu: “Ter-Petrosyan və Sərkisyan müvəqqəti ittifaqdadır”

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa səfər edib. Səfər zamanı o, Azərbaycan işğal olunmuş ərazilərində qurulmuş separatçı-terrorçu rejimin başçısı Bako Saakyanla görüşüb.
Qeyd edək ki, Ermənistanın ilk prezidenti sonuncu dəfə 2007-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərində səfərdə olub. Bu baxımdan sabiq prezidentin bu səfərində məqsədin nə olduğu hazırda çoxlarını düşündürür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, L.Ter-Petrosyan hazırkı prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır. Onun sözlərinə görə, bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır: “Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Levon Ter-Petrosyan Köçəryana qarşı Sərkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələlik isə Levon Ter-Petrosyan Xankəndinə gəlməklə Sərkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sərkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqini qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir”.

E.Şahinoğlu qeyd edib ki, eyni zamanda S.Sərkisyan da Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir:

“Sərkisyan Dağlıq Qarabağ məsələsində Levon Ter-Petrosyandan dəstək gözləyir. Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəfə almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki Sərkisyan Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu onun üçün böyük yükdür. Ancaq, məncə Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, Levon Ter-Petrosyan yaxın günlərdə “Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Serj Sərkisyana Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedirtməlidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər